image-1627995998_taninmis-huquqsunas-arzu-eliyeva_1627927764backend

Tanınmış hüquqşünas Prezident İlham Əliyevə müraciət etdi

image-reklam_sirab_01
“90 bal toplasam da Kollegiyaya üzv olmağa imkan verilmədi”
Azərbaycanda vəkillik insitutunun yaranmasından 102 il ötür. Dünyada isə bu peşənin tarixi daha qədimdir. Hər bir cəmiyyətin inkişafı müstəqil məhkəmələr və hüquq sisteminin aliliyindən keçir. Məhz elə bunun nəticəsidir ki, müasir dünyada vəkillərin problemlərinə, onların hüquqlarının qorunmasına diqqətlə yanaşılır.
Arzu Alıyeva “Hüquq Bürosu” MMC-nin təsisçisi və ölkəmizin tanınmış hüquqşünaslarından biridir. Fəaliyyəti dövründə çoxsaylı peşə uğurlarına imza atıb. Amerika Hüquqşünaslar Assosisiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkil etdikləri treyninqlərdə ekspert qismində iştirak edib. Əhalinin sosial təminatının qorunması sahəsində çalışan azsaylı mütəxəssislərdən biridir.
Bütün bu zəruri keyfiyyətlərə və peşəkarlığa rəğmən Azərbaycan Vəkillər Kollegiyası onu öz sıralarına qəbul etmir. Baxmayaraq ki, A.Alıyeva vəkillik üçün tələb olunan imtahandan da keçib.
– Arzu xanım, tez-tez Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı narazılıqlar müşahidə olunur. Baxmayaraq ki, 30 ildir bu sahədə peşəkar fəaliyyət göstərirsiniz, amma bu gün siz də Kollegiyanın üzvü deyilsiniz. Maraqlıdır, səbəblər nədən ibarətdir?
– 2017-ci ilə qədər Azərbaycanda vəkil kimi fəaliyyət göstərmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaq şərt deyildi. Nümayəndəlik İnstitutu fəaliyyət göstərirdi. Qeyd etdiyim tarixdən etibarən isə Azərbaycanda Nümayəndəlik İnstitutu ləğv edildi. Vəkil kimi fəaliyyət göstərmək üçün yeganə yol Azərbaycan Vəkillər Kollegiyasında təmsil olunmaqdan keçirdi. 30 ildir bu sahədə fəaliyyət göstərirəm. Bu günə qədər çoxsaylı məhkəmə instansiyalarında vətəndaşların hüquqlarını müdafiə etmişəm. Eyni zamanda rəhbəri olduğum büro həm hüquqşünasların, həm də hüquqşünas olmayanların hüquqi biliklərini artırmaq üçün müvafiq təlimlər və kurslar təşkil edir. Bu təlimlər və kurslardan yüzlərlə mütəxəssis yetişib. Yəni, biz həm də məktəb rolunu oynamışıq. Kifayət qədər çətin situasiyalarda müvəkkillərimizin hüquqlarını müdafiə etmişik. Görəndə ki, rəsmi vəkil kimi fəaliyyətimin davamı kollegiyaya üzv olmaqdan keçir, 2017-ci ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv olmaq üçün müraciət etdim.
– Vəkillər Kollegiyasına müraciətinizə hansı münasibət sərgiləndi?
– Vəkillər Kollegiyasına üzv olmaq üçün əvvəlcə yazılı test imtahanından, sonra isə şifahi müsahibədən keçmək lazımdır. Yazılı imtahandan illərini bu sahəyə həsr edən, 30 illik peşəkar fəaliyyəti olan, bu sahənin incəliklərini tədris edən biri olaraq təbii ki, uğurla keçməli idim və keçdim. Lakin şifahi imtahan, yəni müsahibə zamanı mənim, sizin də söylədiyiniz kimi, Vəkillər Kollegiyasına gedən yolumu bağladılar. Şifahi imtahanda suallar o qədər sadədir ki, əslində bunun üçün xüsusi istedada ehtiyac yoxdur. 30 il hüquqşünas kimi fəaliyyət göstərən birinin bu müsahibədən keçməməsi yumşaq desəm, absurddur. Lakin bununla belə çox ilginc qərarla rastlaşdım.
Bununla bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova şəxsən müraciət etdim. O, mənə ikinci dəfə imtahan üçün şərait yaratsa da, bu dəfə də nəticə xeyrimə olmadı. Halbuki, son imtahana çox ciddi hazırlaşmışdım və ən yüksək balı – 90 balı toplasam da Kollegiyaya üzv ola bilmədim. Bir məqamı da vurğulamaq istərdim ki, əvvəllər bir ildə iki dəfə imtahan verilməsi qanunda yox idi və Anar Bağırov sağ olsun ki, bu şəraiti mənə yaratdı. Buna görə ona minətdaram, amma yüksək nəticə göstərdiyim halda, niyə məni kollegiyaya niyə üzv etmədilər, bu məqam mənim üçün hələ də qaranlıqdır. Hesab edirəm ki,
– Məsələnin həlli yolunu necə görürsünüz? 
– Fürsətdən istifadə edib, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək istərdim ki, bir hüquqşünas kimi mənim hüquqlarımın bərpa olunmasına yardım etsinlər. Biz xalqımızı, dövlətimizi, dövlətimizin rəhbərini sevirik. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şərəf tarixi yazdı. Biz heç vaxt istəmərik ki, hüquqlarımız hansısa yad ölkələrdə, yad məhkmələrdə müdafiə edilsin. Biz problemlərimizi vətənin içində həll etməyi seçmişik. Əminəm ki, mənim Prezidentim, mənim dövlətimin rəhbəri 30 il ömrünü hüquq sənətinin incəliklərinin öyrənilməsinə və öyrədilməsinə həsr edən, yoruldum demədən vətəndaşların hüquqlarını müdafiə edən bir hüquqşünasa olan ədalətsiz, qeyri-obyektiv münasibəti qəbul etməz!
– Bəs niyə məhkəməyə müraciət etmədiniz?
– Mən özüm hüquqşünasam. Məhkəmə perspektivlərini aydın görə bilirəm. Vəkillər Kollegiyasında hüququ pozulan şəxslərin məhkəmədə özünü müdafiə etməsi asan məsələ deyil. Ona görə ki, bunun üçün qanunda boşluqlar var. Məhkəmə istinad nöqtəsi olaraq Vəkillər Kollegiyasının qərarlarını götürür. Yəni, ekspertiza aparmaq imkanları yoxdur. Belə bir şəraitdə məhkəməyə müraciət etmək mənasızdır. Bu baxımdan buna lüzum duymadım. Bu məqamda qeyd edim ki, kollegiya rəhbərliyi də bunu bildiyi üçün mənimlə bağlı məsələyə ənənəvi olaraq “Məhkəməyə müraciət edin” cavabını verir. Sadəcə bu gün də mənim üçün maraqlıdır: mənim vəkil kimi fəaliyyətim niyə arzuolunmaz olsun ki? Bütün hallarda mənim vəkil kimi fəaliyyətim yalnız cəmiyyətin inkişafına xidmət edə bilər. Peşəkarları proseslərdən kənarda saxlamaq ədalətsizlikdir, qərəzli münasibətdir. Mənim vəkil kimi cəmiyyətə verə biləcəyim faydaya mane olmaqla nə qazanacaqlar? Ortada bu sualın arqumentli cavabı yoxdur.
– Ölkədə kompleks islahatlar həyata keçirilir. Hüquq sistemində, o cümlədən Vəkillər Kollegiyasında islahatlar gözlənilirmi? Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı?
– Tamamilə haqlı vurğulayırsınız ki, bu gün Azərbaycanda geniş islahatlar həyata keçirilir. Bu islahatlar hakimiyyətin bütün qollarını – icraedici, qanunverici və məhkəmə qollarını əhatə edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bu islahatlar vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, rifah halının yüksəldilməsini ehtiva edir. İnstusional islahatların mahiyyətində məhz bu amil dayanır. İdarəetmə sistemində peşəkar kadrların irəli çəkilməsini müşahidə edirik. Heç şübhəsiz bu islahatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Vəkillər Kollegiyasının fəaliyyətinə gəldikdə isə, qəti şəkildə onların qeyri-qənaətbəxş işlədiyini söyləyə bilmərəm. Lakin mənimlə bağlı baş verənlər anlaşılan deyil. Bu bir peşəkarın fəaliyyətinə mane olmaq cəhdindən başqa necə dəyərləndirilə bilər? Əgər peşəkar kadrların ön plana çəkilməsi bu gün Ali rəhbərimiz, Prezident tərəfindən prioritetə, dövlət siyasətinə çevrilibsə, peşəkar insanları prosesdən kənarda qoymağa
kimlərinsə haqqı yoxdur.
– “Hüquq Bürosu” MMC-nin fəaliyyəti hazırda nə yerdədir?.
– 2017-ci ilə qədər daha geniş şəkildə fəaliyyət göstərə bilirdik. Çünki məhkəmələrə nümayəndə kimi çıxmağımız mümkün olurdu. Yəni nümayəndəlik İnstitutu tərkibində fəaliyyətimizi davam etdirə bilirdik. Şirkətin fəaliyyəti həm vətəndaşların hüquqlarını qorumaq, həm də hüquq kurslarının təşkili ilə bağlıdır. Bu kurslarda hüquqşünaslarla yanaşı, hüquqşünas olmayanlar da iştirak edə bilir. Təcrübəmizdə kifayət qədər uğurlu məhkəmə işləri olub. Misal üçün, vətəndaşı əsassız olaraq ölümə cəhddə təqsirli biliblər, biz ona bəraət almışıq. Cinayət Məcəlləsinin beş maddəsi üzrə ittiham olunan şəxsin bir maddə üzrə günahkar olduğunu sübuta yetirmişik. Əsasən isə mülki işlərlə bağlı fəaliyyət göstəririk və təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, sosial təminat sahəsində çalışan yeganə ixtisaslı hüquq mərkəzi – “Hüquq Bürosu” MMC-dir. Bu gün isə dediyim süni maneələr üzündən fəaliyyətimizdə ciddi boşluqlar yaranıb. Baxmayaraq ki, bizə müraciət edən vətəndaşlar çoxdur, lakin qanunda nəzərdə tutulan məhdudiyyətlər üzündən biz onların hüquqlarını qoruya bilmirik.(ilkxeber.org)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image