image-1backend

Tarix yazan general: Babək Ələkbərovun döyüş yolu…

image-reklam_sirab_01

Vətən müharibəsi başlayan anda bütün Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxdı. Vətən müharibəsi ərəfəsində tez-tez hərbi hissələrdə, cəbhə bölgəsində olan bir jurnalist kimi Azərbaycan oğullarının savaş üçün darıxdıqlarının şahidi olurdum. Hamı döyüş istəyirdi. Çünki 30 il idi ki, səbrlə bu savaş gününü, qisas gününü gözləyirdik. Biz bir xalq olaraq hər zaman sülhün, əminamanlığın  tərəfində olmuşuq. Biz haqqı, ədaləti müdafiə etmişik. Amma  qonşuluğumuzda olan mənfur ermənilər və havadarları həmişə bizi savaşa sürükləyib.

Məhz buna görə 44 günlük Vətən Müharibəsi Milli davamız – Vətən savaşımız idi.  Müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, Ali baş komandanımızın və məğrur xalqımızın yumruq kimi birləşməyinin, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrilirdi. Müharibənin ilk günlərində ermənilər anladılar ki, bu savaş onların sonu ola bilər.

Hər hansı bir zaman kəsiyində müəyyən bir millətin şərəfini qoruyan insanlar – həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca tuta… Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, İlqar Zeynallı…

Vətən savaşı başlayanda yüksək rütbəli hərbçilərimiz əldə silah savaşa başladılar. Əsgərlərini öz arxasınca aparan yüzlərlə zabitimiz bu döyüşdə şəhid, qazi oldu. Onlar Vətənin azadlığı uğrunda mübarizədə xalqının döyünən ürəyi olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşdilər… Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir… Öz qəhrəmanlığı  ilə hərb tariximizə öz adını həkk etdirən qəhrəmanlarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı, DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandanı, general-mayor Babək Ələkbərov idi.

Babək Ələkbərov öz əsgərlərinin önündə 44 günlük Vətən Müharibəsində tarixə öz imzasını həkk etdirdi. Onun komandanlığı altında bir çox mühüm, strateji məntəqələr erməni işğalçılarından azad edildi. Adını tarixə həkk etdirən general-mayor Babək Ələkbərovun həyat yolunu sizlərə təqdim edirik.

Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Həmin qəsəbədə orta məktəbi bitirib. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə ləğv edilmiş MTN-in Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan “leytenant” rütbəsində məzun olub və Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.

O, 44 günlük Vətən müharibəsində Arazboyu əməliyyatlarında böyük şücaət göstərib.

B.Ələkbərov Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib.
Cəsur komandir Babək Ələkbərov Aprel döyüşlərində, həmçinin Tovuz döyüşləri zamanı öz əsgərləri ilə qəhrəmanlıq dastanı yazıblar.
Onun igidliyi və qəhrəmanlığı Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Bbaək Ələkbərov göstərdiyi igidliyə görə  “Vətən Müharibəsi Qəhrəmanı” adı təltif edilib.

Cəsur generalımız Babək Ələkbərov hal-hazırda Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandanıdır.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki