image-1backend

“Tarqovu”da partlayış olan gecə klubu fəaliyyətini bərpa etdi – FOTO

image-reklam_sirab_01

Bakıda bir müddət əvvəl partlayış olan gecə klubunun yerləşdiyi obyekt yenidən istifadəyə verilib.

Bu barədə İnterpress.az özəl olaraq məlumat əldə edib.

Obyekt “Social Baku” adı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında partlayış olduğu üçün təmirə bağlanan “Location” gecə klubunun yerləşdiyi obyekt ötən ildən icarəyə çıxarılmışdı. Bir müddətdir obyekt ölümlə nəticələnən partlayışla yadda qaldığı üçün heç bir sahibkarın marağını cəlb etməyib.

Məlumata görə, iaşə müəssisəsi bir müddətdir təmir olunsa da, obyekti istifadə edəcək icarədar tapılmırdı.

Sahibkarlar bu obyektin hələ də təhlükəsizlik qaydalarına cavab verib-vermədiyindən ehtiyat edirlər.

Xatırladaq ki,  “Location” gecə klubununda 2022-ci ilin aprel ayında partlayış olub.

Partlayış nəticəsində 1 nəfər – gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

Bundan əlavə, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Fakt əsasında cinayət işi başlanılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, hadisəyə səbəb obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla istifadə olunan qaz balonudur.

İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

2022-ci ilin oktyabrında isə təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki