image-image_750x_63ca93b652854backend

Tbilisinin Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüsü: niyyət xoşdur, amma…

image-reklam_sirab_01

Sabiq nazir: “Gürcüstan öz ərazisində görüşlər üçün şərait yarada bilər, vasitəçilik daha çox siyasi imkanlara malik ölkələrə verilir”

Gürcüstan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik niyyəti bir neçə dəfə səsləndirilib. Ötən həftə qonşu ölkənin Baş naziri İrakli Qaribaşvili yenidən vasitəçiliklə bağlı fikirlər səsləndirib.

Yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışında bu məsələyə toxunub. Qeyd edək ki, iclasda Qaribaşvili də iştirak edib.

“3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev Ermənistanın forumda iştirak etməməsinə diqqət çəkib: “Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm”.

Prezident çıxışında həmçinin İrəvanın Azərbaycan və Gürcüstanın təklifini rədd etdiyini də vurğulayıb: “Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.

Gürcüstanın Baş naziri isə plenar iclasda çıxışında növbəti dəfə Tbilisinin Azərbaycan ilə Ermənistan danışıqlarda vasitəçi olmağa hazır olduğunu bəyan edib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərə gəldikdə, Gürcüstan həqiqətən də neytral, qərəzsiz və obyektiv vasitəçidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır. Çünki bu region bizə – Azərbaycana, Gürcüstana və Ermənistana məxsusdur. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik”.

Xatırladaq ki, bu il Ermənistan Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməyib. Ölkənin Baş nazir Nikol Paşinyan forumda axırıncı dəfə 2019-cu ildə iştirak edib. 2022-ci ildə isə Ermənistanı prezident təmsil edib.

Gürcüstanın vasitəçiliyi ilə ilk addım da atılıb. Belə ki, bir neçə ay əvvəl Rbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüş keçirilib. Amma sonradan proses dayanıb. Azərbaycan lideri isə Davosda açıq şəkildə bildirdi ki, Tbilisinin təşəbbüsündən Ermənistan imtina edib. Yəni ki, Azərbaycan istənilən platformada danışıqlarda maraqlıdır.

Gürcüstanın vasitəçilik təşəbbüsü barədə danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNA-ya bildirib ki, Tbilisinin əsas vasitəçi olmağı qeyri-real görünür: “Gürcüstan sadəcə xoşməramlı xidmət göstərə bilər. Yəni ki, məsələn, Gürcüstan öz ərazisində görüşlər üçün şərait yarada bilər, vasitəçilik daha çox siyasi imkanlara malik ölkələrə verilir. Vasitəçilik məsələsində söhbət yalnız görüş yeri təşkil etməkdən getmir. Eyni zamanda, vasitəçi ölkənin siyasi, iqtisadi gücü nəzərə alınmalıdır”.

“Bu gün fəal olan, daha geniş iqtisadi, siyasi imkanlara malik olan ölkələr var. Bu istiqamətdə Rusiyanın, Fransa və ABŞ-ın cəhdləri mövcuddur. Qardaş Türkiyə də vasitəçilikdə fəaldır. Bunların yanında Gürcüstanın tammiqyaslı vasitəçilik imkanları məhduddur”, – Zülfüqarov əlavə edib.

Bununla yanaşı, sabiq nazir Tbilisinin təşəbbüslərinin alqışalayiq olduğunu söyləyib: “Təbii ki, bu niyyət təqdir edilməlidir. Daha bir məqam isə odur ki, Gürcüstan tranzit ölkə kimi Ermənistan və Azərbaycan üçün əhəmiyyətlidir. Həm Azərbaycan, həm də Ermənistan bu məsələdə Gürcüstanla əməkdaşlıq etmək istəyər. Gürcüstan da çalışır ki, orta mövqeydən çıxış etsin”.

“Gürcüstanın öz əraziləri ilə bağlı problemi olduğuna görə, Tbilisinin mövqeyi daha çox Azərbaycanın mövqeyinə yaxındır. Ümumilikdə isə neytrallığı qorumağa çalışırlar”, – T.Zülfüqarov qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki