image-reklam-veteninfo
image-1backend

Təmizlik vasitələri satan şirkət Sumqayıtın yaşıllıqlarını qoruyacaq – 430 minlik müqavilə

image-reklam-veteninfo

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərə aid qəsəbələrdə, küçə və yollarda, eləcə də şəhərətrafı ərazilərdə mövcud yaşıllıqların mühafizəsi xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Vətəninfo.az  xəbər verir ki, tenderin qalibi “Fuad-Kimya Servis” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 429 669,96 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Fuad-Kimya Servis” MMC 16 sentyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/27, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırov Bağır Ağakərim oğludur.

Şirkətin fəaliyyəti ilə bağlı diqqət çəkən məqamlardan biri onun əvvəlki dövrlərdə təmizlik vasitələri və tibbi təyinatlı məhsulların təchizatı ilə əlaqəli satınalmalarda adının hallanmasıdır.

“Fuad-Kimya Servis” MMC əvvəllər tibb müəssisələri üçün təmizlik vasitələrinin satın alınması ilə bağlı tenderin qalibi olub.

Bundan başqa, Baş Prokurorluğun 2019-cu ildə yaydığı məlumatda şirkətə məxsus istehsal sexində aparılan yoxlama barədə məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən sexdə “Calgon”, “Comet”, “ACE” və “Domestos” markalarının adları yazılmış qablaşdırma materialları, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

Baş Prokurorluğun məlumatına görə, məhkəmə ekspertizasının rəyində sexdəki kimyəvi-təmizləyici maddələrin tərkibinin və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun gəlmədiyi, məhsulların ölçü və çəkilərinin qablaşdırmaların üzərində göstərilən göstəricilərlə eyni olmadığı qeyd edilib.

Həmin iş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib. İşin sonrakı nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur.

Qeyd olunanlar fonunda “Fuad-Kimya Servis” MMC-nin yeni satınalması diqqət çəkir. Əvvəlki fəaliyyəti təmizlik vasitələri və tibbi təyinatlı məhsulların təchizatı ilə əlaqələndirilən şirkət bu dəfə Sumqayıt şəhərində yaşıllıqların mühafizəsi xidmətinin satın alınması üzrə tenderin qalibi olub.

Açıq mənbələrdə şirkətin yaşıllıqların mühafizəsi sahəsində təcrübəsi, bu istiqamətdə həyata keçirdiyi layihələr və müvafiq xidmətləri göstərmək imkanları barədə geniş məlumat yoxdur. Bu səbəbdən onun 429 669,96 manatlıq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirə biləcəyini indidən qiymətləndirmək çətindir.

Təbii ki, şirkətin əvvəlki fəaliyyət istiqaməti onun yaşıllıqların mühafizəsi xidmətini göstərə bilməyəcəyi anlamına gəlmir. Bununla belə, 429 669,96 manatlıq satınalma ilə bağlı müəyyən suallar yaranır: şirkətin bu sahədə təcrübəsi nədən ibarətdir, xidmətin keyfiyyəti hansı meyarlarla qiymətləndiriləcək və müqavilənin icrasına nəzarət necə həyata keçiriləcək?

Bu sualların cavabı satınalmanın şəffaflığı və büdcə vəsaitlərinin səmərəli istifadəsi baxımından əhəmiyyətlidir.Qaynarinfo




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki