Rusiya hərbi komandanlığı paytaxt Moskvanın təhlükəsizliyini gücləndirmək məqsədilə Ukraynadakı ön xətdən hava hücumundan müdafiə (HHM) sistemlərini təxliyə etməyə başlayıb. Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, bu təcili qərar Ukrayna dronlarının Moskva neft emalı zavoduna uğurlu hücumundan sonra verilib.
Sözügedən zavod Rusiya paytaxtının yanacaq ehtiyacının təxminən 40%-ni təmin edir. Hücumdan dərhal sonra Kremldən cəmi 16 kilometr məsafədə yerləşən müəssisənin yaxınlığındakı xüsusi qüllədə “Pantsir” zenit raket-top sistemi quraşdırılıb. Hərbi analitiklər hesab edirlər ki, bu addım Rusiya rəhbərliyinin ciddi narahatlığından xəbər verir; çünki Moskva ətrafındakı üç qatlı HHM halqası belə Ukraynanın hava hücumlarının qarşısını ala bilmir.
Peyk və fotoşəkillərin təhlili göstərir ki, Moskvaya gətirilən “Pantsir” kompleksinin kokpiti yalnız döyüş zonalarında qısa məsafəli dronlara qarşı istifadə olunan qoruyucu metal torla təchiz edilib. Bu da sistemin birbaşa ön cəbhədən gətirildiyini sübut edir. Bundan əlavə, kompleksin buraxılış konteynerlərinin tam dolu olmaması Rusiyada müdaxilə raketlərinin çatışmazlığından xəbər verir.
Ukrayna ordusunun məlumatına görə, Moskva vilayətində 100-dən çox zenit kompleksi və 50-yə yaxın mobil “Pantsir” sistemi olmasına baxmayaraq, köhnəlmiş sovet HHM arxitekturası dronların kütləvi “sürü hücumları” taktikası qarşısında aciz qalıb. Hətta Kapotnyadakı neftayırma zavoduna edilən hücum zamanı meşə zolağındakı Rusiya HHM sistemlərindən birinin çaşqınlıqdan öz zavoduna atəş açdığı (“dost atəşi”) iddia edilir.
Müntəzəm gecə hücumları artıq Moskvanın dörd əsas hava limanının işinin tamamilə dayanmasına səbəb olub. PUA-lardan biri isə şəhər mərkəzindən cəmi 6 kilometr aralıda yerləşən elit yaşayış binasının yaxınlığında partlayıb. Paralel olaraq, ukraynalı hakerlər Moskva meri Sergey Sobyaninin rəsmi resurslarını sındıraraq Ukrayna dronlarının maliyyələşdirilməsi üçün çağırışlar yerləşdiriblər.
Rəsmi qurumlar iyunun 19-da Moskvaya yaxınlaşan 37 dronun hamısının məhv edildiyini bəyan etsələr də, yerli sakinlər sosial şəbəkələrdə yaşayış məntəqələri üzərindən sərbəst uçan PUA-ların görüntülərini paylaşmaqda davam edirlər.
“İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi eksperti Oleksandr Kovalenko bildirir ki, payız-qış dövründə Ukrayna dronları, eləcə də qanadlı və ballistik raketləri Rusiya Federasiyasının daxili bölgələrindəki strateji obyektləri daha böyük səmərəliliklə vuracaq.
Ekspertin sözlərinə görə, beynəlxalq sanksiyalar səbəbindən enerji avadanlıqlarının təchizatından məhrum olan Rusiyaya bu böhrandan çıxmaqda kömək edə biləcək yeganə dövlət Çindir.


























