Rusiya ordusu Ukraynanın Donbas bölgəsindəki əsas müdafiə qalalarından biri hesab olunan Kostyantynivka şəhərini ələ keçirməyə çalışır. Britaniyanın “The Telegraph” qəzetinin cəbhədəki ukraynalı hərbçilərə istinadən yaydığı məlumata görə, rus bölmələri artıq şəhərin içərilərinə doğru sızıb və hazırda bütün şəhər faktiki olaraq heç bir tərəfin tam nəzarətində olmayan “boz zona”ya çevrilib.
Rusiya Müdafiə Nazirliyi şəhərin cənub-qərbində əməliyyatları intensivləşdirdiyini və Ukrayna bölmələrini mühasirəyə aldığını iddia edir. Qəzet vurğulayır ki, Kostyantynivkanın süqutu Moskvanın bölgədəki əsas hədəfləri olan Kramatorsk və Slavyansk şəhərlərinə yol aça bilər.
Cəbhədəki son vəziyyət və tətbiq olunan strategiya
Şəhərdə fəaliyyət göstərən ukraynalı dron pilotu BBC-yə verdiyi açıqlamada vəziyyəti “böyük böhran” kimi qiymətləndirib. Onun sözlərinə görə, yaşayış məntəqələrinə sızan Rusiya hərbçilərini şəhər döyüşləri şəraitində geri oturtmaq son dərəcə çətindir. Cənub istiqamətindən irəliləyən rus qoşunlarının artıq Kostyantynivkanın şimal kənarlarında da göründüyü bildirilir.
Ekspertlər qeyd edirlər ki, Rusiya ordusu burada 2025-ci ildə Pokrovsk şəhərini ələ keçirərkən istifadə etdiyi taktikaya əl atır — şəhəri birbaşa hücumla deyil, cinahlardan irəliləyərək mühasirəyə almaq və təchizat yollarını kəsmək xəttini yürüdür.
Rəsmi Kiyev şəhərin mühasirəyə düşməsi barədə xəbərləri təkzib edib. Ukrayna Silahlı Qüvvələrinin 19-cu korpusunun komandiri, briqada generalı Aleksandr Bakulin bəyan edib ki, cəbhədə vəziyyət tam nəzarət altındadır və düşmən strateji uğur qazana bilməyib. Bununla belə, general hazırda şəhər daxilində təxminən 130 rus əsgərinin gizli şəkildə fəaliyyət göstərdiyini etiraf edib.
Hərbi analitik Pavel Narojnı Kostyantynivka ətrafında vəziyyətin Ukrayna üçün xoşagəlməz məcrada inkişaf etdiyini desə də, ruslar üçün bu döyüşün asan olmayacağını bildirib. O, Rusiya ordusunun şəhəri yaxın bir-iki həftə ərzində tam nəzarətə götürə biləcəyinə şübhə ilə yanaşır.
Müharibənin Öyrənilməsi İnstitutu (ISW) isə diqqəti başqa bir məqama çəkib. İnstitutun hesabatında vurğulanır ki, Rusiya tərəfi Kostyantynivkadakı irəliləyişlərlə bağlı yalan məlumatlar yayır. Belə ki, Rusiya təbliğat maşını şəhərdə taktiki uğurlar nümayiş etdirmək üçün süni intellekt (AI) vasitəsilə saxta bayraq qaldırma videoları uydurur.
York Universitetinin Rusiya tarixi üzrə mütəxəssisi Dr. Şeyn O’Rurk (Shane O’Rourke) isə qeyd edir ki, Donetskin tamamilə işğalı Vladimir Putinin 2022-ci ildən qalan yeganə hərbi hədəfidir:
“Rusların şəhərlərin süqutunu vaxtından çox əvvəl elan etmək vərdişi var. Kostyantynivka hazırda tərəzi üzərindədir. Bu şəhər itirilsə belə, bu, Ukrayna müdafiə xəttinin tamamilə çökməsi demək olmayacaq, lakin Putinə daxili auditoriya üçün saxta bir qələbə bəyanatı verməyə imkan yaradacaq.”


























