Əməkdar İnşaatçı Vahib Quliyevin vəfatı ilə əlaqədar
Azərbaycan Respublikasının Əməkdar İnşaatçısı Vahib Ağagül oğlu Quliyev 2023-cü il 8 fevral tarixində vəfat etmişdir. Təcrübəli və peşəkar mütəxəssis, bacarıqlı idarəçi, təşkilatçı, yardımsevər bir insan kimi yaddaşlarda hifz olunan şəxsiyyət…
Vahib Ağagül oğlu Quliyev 1936-cı ilin oktyabr ayının 6-da Salyan rayonunun Çuxanlı kəndində anadan olmuşdur. Atası Ağagül kişi el içində zəhmətkeş və mərd bir insan kimi tanınırdı , anası Dilbər xanım isə xanım-xatınlığı, təmkini, xoş xisləti ilə, el adətlərinə sayğısı ilə seçilən xalis Azərbaycan qadını idi. Ailədə üç qardaş, üç bacı olsalar da, Vahib elə uşaqlıqdan zəhmətkeşliyi, iti zehni, təşəbbüskarlığı ilə seçilərdi. Ağagül kişi övladlarının hamısına ali təhsil vermək arzusuna çatdı, zəhmətkeş balalarının öz əziyyətləri ilə nail olduqları ad-sanı, cəmiyyətdəki mövqeyini, yəni valideyn zəhmətinin bəhrəsini gördü. Vahib oğlanlarının içərisində atasına daha çox bənzərdi. Onun gənc yaşlarından qazandığı nailiyyətlər hər bir valideyn üçün qürur mənbəyi olmağa layiq idi.Vahib Quliyev 1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakultəsini bitirən kimi Sumqayıt Sanitar-Texniki Qurğular zavodunda keyfiyyət üzrə mühəndis kimi işə başlayır, üç ay sonra Sumqayıt Boru Prokatı zavoduna usta vəzifəsinə göndərilir. Az keçməmiş Qafqaz Tikinti-Quraşdırma İdarəsinin Sumqayıt sahəsində iş icraçısı təyin edilir.1966-cı ildə Bakı Tikinti-Quraşdırma İdarəsində baş mühəndis, sonra isə rəis vəzifəsinə yüksəlir. Bundan sonrakı illərdə Respublika Nazirlər Soveti yanında Xüsusi Tikinti-Quraşdırma Baş İdarəsi sədrinin müavini, Azərbaycan Dəniz Neft Tikinti Trestində laboratoriya müdiri, Sanqaçal Tikinti-Quraşdırma idarəsində rəis, Xəzər Dəniz Sosial Tikinti Trestinin müdiri, Rabitə Nazirliyində Tikinti Birliyinin rəisi, Azərbaycan Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma Birliyində Baş direktorun tikinti üzrə müavini və s. kimi mötəbər və məsuliyyətli vəzifələrin Vahib Quliyevə həvalə edilməsi onun məsuliyyətli və peşəkar mütəxəssis kimi dəyərləndirilməsindən irəli gəlirdi. Vahib Quliyevin zəngin iş təcrübəsi, bacarıqlı bir mütəxəssis olması onun çox gənc yaşlarından öz işinin ustası kimi tanınmasına səbəb olmuşdu.
Vətənimizin elə bir guşəsi yoxdur ki, orada Əməkdar inşaatçı Vahib Quliyevin qurub yaratdığı bir tikili olmasın. Məsuliyyətli və zəhmətkeş biri kimi tanındığından, demək olar ki, o zamanlar Respublikamızın əksər mühüm müəssisələrinin tikinti işləri Vahib Quliyevin iştirakı ilə həyata keçirilib. Onlardan bir neçəsinin adını çəkməklə, yəqin ki, bu işlərin miqyası haqqda oxucuda təsəvvür yaranar. Sumqayıt Kimya zavodunun sulfanol sexləri, Sumqayıt Kauçuk zavodu, Gəncə Alüminium zavodu kompleksi, Bakı Məişət Kondisionerləri zavodu, Bakı Yeni Neftayırma və Neftayırma zavodları, Keşlə Maşınqayırma zavodu, Respublika Sarayı kimi mühüm tikinti işlərində Vahib Quliyevin bir inşaatçı kimi xüsusi əməyi var. Elə bu səbəbdən də onun əməyini yüksək qiymətləndirən respublika rəhbərliyi Vahib Quliyevi 30 yaşlarında olarkən artıq Əməkdar İnşaatçı adına layiq görmüşdür. Xüsusilə Heydər Əliyevin ölkəmizə ilk rəhbərliyi dönəmində aparılan quruculuq işlərində Vahib Quliyevin yenilikçiliyi və təşəbbüskarlığı sayəsində keyfiyyətli bir kadr kimi bütün vacib tikinti işlərində bəhrəli əməyindən istifadə edilmişdir. O dövrdə tikintidə tətbiq edilmiş bir sıra yeni metod və texnologiyalar onun adı ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq boru axarlarının düz kəsilməsini təmin edən sexin yaradılması, istilik borularının səthinin avtomatik izolə edilməsi üçün lazım olan materialların Bakı Tikinti Quraşdırma İdarəsində istehsalının başlanması, helikopterlə montaj prosesinin tətbiqi Vahib Quliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Bu yenilik Azərbaycan inşaat mühəndisliyi tarixinə Vahib Quliyev metodu kimi daxil olmuş, “Minmontajspetstroy” jurnalı helikopterlə montaj prosesinin tətbiqinin əhəmiyyəti haqqda geniş elmi məqalə nəşr etmişdir. Vahib müəllim 80-90-cı illərdə də fəaliyyətini davam etdirərək ölkəsinin xidmətində olmuşdur. 1989-cu ildə Xəzər Dəniz Sosial Tikinti Trestini yaratmış, 1990-1992-ci illərdə Bakıda 4 nömrəli tikinti-quraşdırma idarəsini, rabitə üçün materiallar istehsal edən zavod, 7 nömrəli səyyar tikinti dəstəsi, Naxçıvanda səyyar mexanikləşdirilmiş tikinti dəstəsi və s. əməli işləri ilə yaddaşlarda qalmışdır.
Vahib Quliyev bir insan kimi şox sadə, ünsiyyətcil, kiçiklə kiçik, böyüklə böyük kimi davrana bilən, zarafatçıl, sinədəftər bir insan idi. Xalq mahnılarını, Azərbaycan şairlərinin şeirlərini əzbər bilər və yeri gələndə söyləməyi sevərdi. İstər qohum-əqrəba, istər dost-tanış yanında xüsusi nüfuzu olan, sevilən bir insan idi. Vahib Quliyevə ithaf edilərək sağlığında ikən Əjdər Ağayev tərəfindən qələmə alınmış “Tikdim ki, izim qala…” adlı kitabçanın son səhifələrində onun bir şəxsiyyət kimi mahiyyətini açan fikirləri olduğu kimi təqdim etmək istərdim:
“Siz insanların hansı cəhətlərə diqqət yetirmələrini vacib bilirsiniz?
Dedi: -Barışığı, sülhü, birliyi qorumağı;- Ailənin kişisində ailəcanlılığı, ailəni təmin edə bilmək cəhdini, övladlarına yaxşı tərbiyə verə bilməyi və onlara gün-güzəran qura bilməyi…-Qohumluqda, dostluqda, yoldaşlıqda sədaqətliliyi, mehribanlığı, bir-birinin işinə yaramağı…- Ailədə çoxuşaqlılığı…”
Məncə, həyatını bu amalla quran insanların ömür yolu bir örnək kimi unudulmaz olur. Həyatda tikib-qurmaqdan, xeyirxahlıqdan gözəl nə var?! Vahib müəllimin də sevdiyi bir bayatıda deyildiyi kimi:
Bu qala bizim qala,
Bir düzüm bizim qala
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bu dünyada iz qoyub gedən hər kəsin məkanı haqq dünyasında cənnətdir.
Allah rəhmət eləsin, qəbr evi nurla dolsun!
Ülviyyə Əjdər