ABŞ prezidenti Donald Tramp Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsi barədə razılığa gəlindiyini açıqladı.
Vətəninfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Tramp deyib: “Vasitəçilərə – Misir, Qətər və Türkiyəyə – mühüm səylərinə görə, eləcə də yorulmaz işi ilə bu tarixi irəliləyişi mümkün edən görkəmli komandama təşəkkür etmək istəyirəm”.
Onun sözlərinə görə, Sülh Şurası Qəzza zolağındakı HƏMAS və bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi barədə razılığa gəlib. ABŞ prezidenti vurğulayıb ki, 7 oktyabr 2023-cü ildə Qəzzadan gələn təhlükə təkrarlanmamalıdır.
Axios öz növbəsində bildirib ki, razılaşmaya əsasən, HƏMAS və İsrail təxminən yeddi-səkkiz ay ərzində bir sıra mürəkkəb qarşılıqlı addımlar atmalıdırlar və bu addımların icrası müstəqil şəkildə yoxlanılacaq.


























