ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlamaları və mövqeyində müşahidə olunan dəyişiklik NATO müttəfiqləri arasında ehtiyatlı nikbinlik yaradıb. Bu barədə Financial Times nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO-nun Ankarada keçirilən sammiti zamanı Trampın Ukraynaya münasibətdə nümayiş etdirdiyi yeni yanaşma Avropa liderləri üçün ən diqqətçəkən məqamlardan biri olub. Əvvəllər Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edən Tramp bu dəfə onun ünvanına müsbət fikirlər səsləndirib və ABŞ texnologiyası əsasında Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynada istehsalına lisenziya verilməsinin mümkünlüyünü gündəmə gətirib.
NATO diplomatı qəzetə bildirib ki, Trampın mövqeyindəki dəyişiklik Ukraynanın son dövrlərdə döyüş meydanında əldə etdiyi uğurlarla əlaqəli ola bilər.
Sammit zamanı Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bəzi müttəfiq ölkələri, o cümlədən İspaniya, Böyük Britaniya, Almaniya və İtaliyanı İranla bağlı siyasətlərinə görə tənqid etsə də, Ukrayna məsələsində daha konstruktiv mövqe nümayiş etdirib.
Ankarada Volodimir Zelenski ilə görüşü zamanı Tramp bildirib:
“Oval Ofisdəki görüşdən bu günə qədər çox şey dəyişib. Düşünürəm ki, münasibətlərimiz yaxşıdır və Ukraynanın böyük gələcəyi var.”
Bu bəyanat 2025-ci ilin fevralında Ağ Evdə keçirilən və gərgin keçən görüşdən sonra Trampın Ukrayna liderinə münasibətində ciddi dəyişiklik kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, Ukraynaya Patriot sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi Rusiyanın ballistik raket üstünlüyünü zəiflədə və Moskvanın hesablamalarına ciddi təsir göstərə bilər.
Chatham House analitik mərkəzinin Rusiya və Avrasiya proqramı üzrə direktor müavini Orysia Lutseviç bildirib ki, Ukraynanın ABŞ hərbi texnologiyalarına daha geniş çıxışı Rusiyanın strateji planlarını dəyişdirə bilər.
NATO rəsmiləri isə ümid edirlər ki, Vaşinqtonun bu mövqeyi Ukraynaya dəstəyin davam edəcəyinin və Rusiyaya təzyiqin artacağının göstəricisi olacaq.
Məlumata görə, Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını və müharibənin başa çatdırılması ilə bağlı şərtlərin dəyişdiyinə inandığını bildirib.
Qeyd edək ki, Donald Tramp seçki kampaniyası dövründə Ukraynadakı müharibəni hakimiyyətə gəldikdən sonra qısa müddətdə dayandıracağını dəfələrlə bəyan etsə də, hazırda bunun üçün konkret vaxt çərçivəsinin olmadığını etiraf edib.


























