Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bununla yanaşı, ayrı-ayrı Azərbycan vətəndaşları da xilasetmə işlərinə qoşulublar. Onlardan biri də Ceyhun Xəlilovdur. Kahramanmaraşda axtarış-xilasetmə işlərində iştirak edən azərbaycanlı xilasedici Ceyhun Xəlilov dağıntılar altını görüntüləmək imkanlan malik cihaz vasitəsilə 14 nəfəri xilas edib.
C.Xəlilov zəlzələ xəbərini eşidən kimi Türkiyəyə getmək üçün aidiyyəti qurumlara müraciət edib. Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntıaltı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edən Xəlilov, təyinat ərizəsində tez nəticə ala bilmədikdən sonra öz imkanlarından istifadə etdiyini söyləyib.
Uçuşların ləğvi ilə əlaqədar bir gecə hava limanında yatdığını və ilk tapdığı təyyarə ilə Ankaraya gəldiyini bildirən Xəlilov, fevralın 6-də quru yolu ilə Kahramanmaraşa gəlib. O, Bəşir Dərnəyi Axtarış-Xilasetmə qrupu ilə burada axtarış və xilasetmə fəaliyyəti yerinə yetirir.
İstifadə etdiyi dağıntıaltı görüntüləmə cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən xilasedicimiz, iki kamera və akustik səs yazısından ibarət sistemin mövcud vəziyyəti göstərə biləcəyini və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı təqdim etdiyini söyləyib.
C.Xəlilov dağıntılar altına ilk girdiyini, yaxın nöqtələr üçün endoskopik kamera, dərinlik üçün isə giqra kamerası ilə görüntülər çəkdiyini deyib. Əldə etdiyi məlumatı AFAD və axtarış-xilasetmə qrupları ilə bölüşdüyünü bildirən xilasedicimiz, ilk olaraq fevralın 9-da 17 yaşlı qızın qəzadan xilas edilməsində fəal rol oynadığını deyib. Xidmət etdiyi qruplarla uğurlu koordinasiya əldə etdiklərini deyən C.Xəlilov, 14 nəfərin dağıntılar altından xilas edilməsində əməyi olduğunu bildirib.
Xilasedicimiz dağıntılar altında qalan insanları xilas etmək ümidi ilə yatmadan çalışır. “Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Çox təəssüf edirəm, səbir diləyirəm. Əlimizdən gələni edirik, yanınızdayıq, biz sona qədər buradayıq”, – C.Xəlilov əlavə edib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş it də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.