image-346041248_152124657656079_1030131249865275278_nbackend

TÜRKİYƏ ÜÇÜN “QİSAS GÜNÜ”…-Elixan Şükürlü Yazır

image-reklam_sirab_01
2016-cı ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə və Ərdoğana qarşı sui-qəsdə qalxan, ancaq böyük bir uğursuzluqla üzləşən ABŞ 14 may seçkilərinə “Qisas günü” kimi baxır.
Artıq bütövlükdə Qərb dünyasının – ABŞ və Avropanın ən nəhəng, ictimai rəyi yönləndirən media qurumları, onların Türkiyədə maliyyələşdirdikləri sorğu mərkəzləri, bir yerdən komanda alıblarmış kimi, dayanmadan seçki reytinqlərində “Qərb masası”nın namizədi Kamal Kılıcdaroğlunun önə keçdiyini və Ərdoğanın məğlub olacağı fikrini tirajlayır, ictimai rəyi indidən Ərdoğanın qalib gəlmək üçün seçkiləri saxtalaşdırmaqdan başqa çarəsinin olmadığı arqumenti üzərində kökləyirlər.
Halbuki Türkiyədəki budəfəki seçki yarışı bu anınadək, bütün parametrlər üzrə, 2020-ci ildə rüsvayçı prezident seçkiləri keçirmiş ABŞ-a və eləcə də Avropanın əksər ölkələrinin özünə belə, nümunə olacaq ölçüdədir.
Buna baxmayaraq, Qərb mediasının israrla “Ərdoğan mütləq getməlidir”, “seçkilər saxtalaşdırılacaq” iddiası və ABŞ prezidentinin birbaşa təşəbbüsüyülə keçirilən iki Demokratiya Sammitinə də “demokratik seçkilərin olmaması” bəhanəsiylə Türkiyənin dəvət almaması məhz qoca Baydenin və komandasının “Qisas Günü”nə – 14 maya ciddi şəkildə hazırlaşdığının və “əsas tədbirlər”inin də seçki günündən sonrakı mərhələ üçün nəzrədə tutulduğunu təsdiqləyən ən ciddi siqnallardır.
Əgər ölkənin Daxili İşlər naziri Süleyman Soylu açıq şəkildə və israrla deyirsə ki, Qərb 14 maya çevriliş planlaşdırır, deməli, Türkiyə dövlətinin əlində artıq yetərli dəlil-sübutlar var və kütlvi iğtişaşların qarşısını almaq üçün də gərəkli önləyici tədbirlərini görüb.
Çox böyük ehtimalla, seçkiyə bir neçə gün qalmış PKK/YPG-yə qarşı əməliyyatlarını intensivləşdirən Türkiyə kəşfiyyatının Qərb xüsusi xidmət qurumlarının muzdlu killeri funksiyasını yerinə yetirən İŞİD-ə qarşı xüsusi əməliyyatlarını gücləndirməsi, hətta qonşu Gürcüstanda İŞİD-in yeni ad altında peyda olduğunu, təlim bazası yaratdığın açıqlaması və 100-ə yaxın şəxsi həbs etməsi Qərbin Türkiyədəki çevriliş hazırlığının önünü kəsmək cəhdləridir…
Əlbəttə, 14 may təkcə Baydenin Ərdoğandan qisas günü deyil, elə Ərdoğan üçün də onu devirməyə və öldürməyə çalışan Qərbdən qisasalma günüdür. Budəfəki seçkilərin məhz 14 maya – Türkiyədəki Qərbpərəstlərin asıb öldürdükləri rəhmətlik baş nazir Adnan Menderesin CHP-yə qalib gəldiyi tarixə, qələbənin müjdəçisi olan əzəmətli İstanbul mitinqini isə 2016-cı ilin 15 iyulundakı çevriliş gecəsi təyyarəsini endirdiyi yerə təyin etməsi göstərir ki, Ərdoğan uduzacağı halda onu hansı aqibətin gözlədiyini anlayır, bu seçkiyə isə Qərblə açıq və son savaş kimi yanaşır!
Ona görə “son savaş” ki, bu seçkilər təkcə Ərdoğanın taleyini həll etməyəcək, həm də Türkiyənin və onun liderliyi ilə qurulan Türk Dövlətləri Təşkilatının (TDT) yeni geopolitik nizamda yerini, cinahını, Qərblə münasibətlərinin dəqiq məsafəsini müəyyənləşdirəcək.
Məlumdur ki, NATO üzvü olan Türkiyə 1987-ci ildən rəsmən Avropa İttifaqına üzvlük üçün müraciət etsə də, onu müsəlman dövləti olması səbəbindən indiyədək müxtəlif bəhanələrlə bu birlikdən kənar tutmağa çalışıblar.
Rəqiblərindən fərqli olaraq, Ərdoğan Türkiyəyə ayrılan bu “Avropanın qalxanı” rolundan qətiyyən məmnun deyil və rəsmi Ankaranın tədricən NATO-dan uzaqlaşaraq, ölkəsinə iqtisadi baxımdan daha əlverişli olan coğrafiyada – Çin-Avropa aralığında Türk Dövlətləri Təşkilatında birləşən ölkələrlə, həmçinin ən çox müsəlman-türk əhalisinin yaşadığı xristian Rusiyayla birgə yeni bir ittifaqın qurucusu olmağa çan atır. Şərti olaraq “Turan” adlandırılan bu birliyi isə Qərb müstəqil güc kimi deyil, Rusiya, Çin və İrana qarşı təzyiq silahı kimi görür…
Bu səbəbdən Qərb 14 mayda Ərdoğanı yıxmaqla, həm də onun müstəqil, Türkiyəni Qərbdən, NATO-dan uzaqlaşdırmaq siyasətini durdurmağa və rəsmi Ankaranı yenidən öz əvvəlki “itaətkar müttəfiq” statusuna qaytarmağa çalışır.
Bəli, Ərdoğan 14 mayda “Qərb masası”nın namizədi Kılıcdaroğluyla yarışa deyil, onların arxasında duran əsas güclə – Qərbin özüylə savaşa hazırlaşır!
Bu, o Ərdoğandır ki, bizim müqəddəs savaşımızda o, nəinki bizimlə birgəydi, hətta düşmən üzərinə yürüşdə bizdən daha öndəydi və onu qələbəylə də bitirdi!
İndi biz də bir xalq, dövlət olaraq, Ərdoğana borcumuzu qaytarmalı, ona mənəvi dəstəyimizi bildirməli, onun yanında olduğumuzu bütün dünyaya açıqca bəyan etməliyik – necə ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu edir!
“Bu, Türkiyənin daxili işidir, ona qarışmayaq, Türkiyə xalqının seçimini gözləyək, sonra mövqe bildirərik” deyən siyasətçilərimizin əksəriyyəti isə pusquda yatıb Qazan xanın Şöklü Məliklə savaşında məğlub olacağını gözləyən, ancaq gözləntiləri alınmayanda, riyakarcasına və məyusluqla sonda “Yetdim, Qazan xan!” deyib ortaya çıxan Aruzun, Yalıncığın müasir obrazlarıdır…
Ərdoğan üçün son savaşdırsa, bu, bizim də savaşdır – udsa da, uduzsa da, biz onun yanındayıq, dualarımız da onun qələbəsi üçündür!
Ərdoğanla yürüyəcək və daha da güclənəcək Türkiyəmizi Allah qorusun, müzəffər etsin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki