image-reklam-veteninfo
image-1backend

Türkiyədə viza fırıldaqçılığına qarşı əməliyyat: 60 nəfər barəsində həbs qərarı verildi

image-reklam-veteninfo

Türkiyədə viza məsləhətçiliyi adı altında fəaliyyət göstərərək onlayn görüş sistemlərinə avtomatlaşdırılmış proqramlarla müdaxilə edən və vətəndaşlardan yüksək məbləğdə ödəniş tələb edən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Araşdırma çərçivəsində 60 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu viza məsləhətçiliyi və viza görüşlərinin təşkili sahəsində fəaliyyət göstərən bəzi şirkət və şəxslərlə bağlı araşdırma aparıb. İstintaq materiallarına əsasən, şübhəlilərin sosial şəbəkələr və internet vasitəsilə vətəndaşlara “zəmanətli viza” və “zəmanətli görüş” vəd edərək pul aldıqları, lakin xidmət göstərilmədikdə vəsaiti tam və ya qismən geri qaytarmadıqları iddia olunur.

Araşdırma zamanı bəzi şirkət və şəxslərin ilkin əməliyyatlardan sonra da fəaliyyətlərini davam etdirdiklərinə dair məlumatlar əldə edilib. Bunun əsasında istintaqın dələduzluq, şəxsi məlumatların qanunsuz əldə edilməsi və ya yayılması, kibercinayətkarlıq və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması şübhələrini də əhatə edəcək şəkildə genişləndirildiyi bildirilib.

Prokurorluğun açıqlamasına görə, araşdırılan rəqəmsal materiallar və yazışmalar bəzi şübhəlilərin konsulluqların və ya səlahiyyətli viza müraciət mərkəzlərinin görüş sistemlərindəki məhdud sayda yerləri avtomatlaşdırılmış proqramlar — botlar vasitəsilə sürətlə rezervasiya etdiklərinə dair şübhələr yaradıb.

İstintaqın qənaətinə əsasən, bu üsul adi müraciət edənlərin görüş əldə etməsini çətinləşdirib, vətəndaşları ödənişli vasitəçilərin xidmətlərindən istifadə etməyə yönəldib və görüş yerlərinin qeyri-rəsmi bazarda satılması riskini artırıb.

İstanbul Baş Prokurorluğunun göstərişi və İstanbul Vilayət Jandarma Komandanlığının koordinasiyası ilə istintaqın ikinci mərhələsində səkkiz vilayətdə eyni vaxtda əməliyyat həyata keçirilib.

Əməliyyatlar İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Balıkəsir, Dənizli və Kocaelidə keçirilib. Barələrində həbs qərarı verilmiş 60 şübhəlinin saxlanılması və cinayət işinə aid sübutların toplanması istiqamətində tədbirlər görülüb.

İstintaq çərçivəsində görüş sistemlərinə müdaxilə etməkdə şübhəli bilinən viza şirkətləri ilə yanaşı, onlara proqram təminatı dəstəyi göstərdiyi iddia olunan şəxslərin də müəyyənləşdirilməsi nəzərdə tutulur.

370 milyon lirəlik maliyyə dövriyyəsi araşdırılır
Prokurorluğun məlumatına əsasən, bəzi vətəndaşlardan bot proqramlarından istifadə və görüşlərin avtomatik rezervasiyası üçün hər əməliyyata görə əlavə 300–400 avro tələb edildiyi iddia olunur.

İlkin maliyyə araşdırmalarında viza və məsləhət xidmətləri ilə əlaqəli hesab edilən ümumi pul dövriyyəsinin təxminən 370 milyon türk lirəsi olduğu müəyyən edilib. Hazırda göstərilməyən və ya natamam göstərilən xidmətlər, eləcə də geri qaytarılmayan ödənişlər üzrə vətəndaşların ümumi maddi zərərinin hesablanması davam edir.

Bununla yanaşı, müraciət edən şəxslərin pasport şəkillərinin, şəxsiyyət və əlaqə məlumatlarının üçüncü tərəflərə ötürülməsi, xidmət haqlarının müxtəlif şəxslərin və şirkətlərin hesabları vasitəsilə toplanması, daha sonra isə başqa hesab və maliyyə kanallarına yönləndirilməsi ehtimalları da araşdırılır.

Qeyd edək ki, istintaqın əvvəlki mərhələsində saxlanılan şübhəlilərdən 37-si avqustun 14-də həbs edilib.

İş üzrə araşdırmalar davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki