image-reklam-veteninfo
image-imagesbackend

Türkiyənin KAAN qırıcısının yeni prototipləri nümayiş etdirildi – əsas dəyişikliklər açıqlanıb

image-reklam-veteninfo

Türkiyənin milli döyüş təyyarəsi layihəsi olan KAAN üzrə işlər davam etdirilir. İlk prototipin uçuş sınaqlarından sonra layihə çərçivəsində daha iki platforma hazırlanıb. Yeni prototiplərin görüntüləri təyyarənin konstruksiyasında bir sıra dəyişikliklərin edildiyini göstərir.

TRT Haber-in hazırladığı icmala əsasən, yeni platformalardan biri “P1” adlandırılır. Əsas uçuş sınaqlarının məhz bu prototip üzərində həyata keçirilməsi planlaşdırılır.

Digər platforma isə aviasiya sənayesində “Iron Bird” (“Dəmir Quş”) kimi tanınır. Bu platforma birbaşa uçuşlar üçün deyil, KAAN-ın uçuş idarəetmə sistemi də daxil olmaqla, kritik sistemlərinin və müxtəlif alt komponentlərinin yerdə sınaqdan keçirilməsi məqsədi daşıyır.

Beləliklə, Türkiyə Aerokosmik Sənaye Şirkətinin (TUSAŞ) əlində olan iki yeni KAAN platformasından biri əsasən uçuş sınaqlarında, digəri isə yerdə aparılan kritik sınaqlarda istifadə olunacaq.

Yeni prototiplərdə hansı dəyişikliklər var?

Yeni KAAN prototiplərinin görüntülərinin təhlili təyyarənin xarici görünüşündə bir sıra fərqlərin olduğunu göstərir. Bununla belə, məhdud görüntülər əsasında bütün texniki dəyişiklikləri dəqiq müəyyənləşdirmək mümkün deyil.

İlk diqqət çəkən məqamlardan biri yeni prototiplərin gövdəsinin daha yığcam görünməsidir. İlk prototiplə müqayisədə təyyarənin ümumi ölçülərində müəyyən dəyişikliklərin edildiyi ehtimal olunur.

Təyyarənin burun hissəsində də diqqətçəkən yeniliklər var. Yeni prototiplərdə burun hissəsi daha iri və dolğun görünür. Bunun ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarının inteqrasiyası ilə əlaqəli olduğu ehtimal edilir. Yeni radar sisteminə uyğunlaşdırma məqsədilə burun hissəsində konstruktiv dəyişikliklərin aparıldığı bildirilir.

Pilot kabinəsinin qübbə hissəsində də müəyyən fərqlər müşahidə olunur. Bu konstruksiyanın təyyarənin radar görünürlüğünün azaldılması və düşmən radar siqnallarına qarşı xüsusiyyətlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilir.

Yeni prototiplərdə havaqəbuledicilərin yerləşdirilməsində və ölçülərində də dəyişikliklər nəzərə çarpır. İlk modellə müqayisədə havaqəbuledicilərdən birinin pilot kabinəsinə daha yaxın yerləşdirildiyi görünür.

Bundan başqa, təyyarənin qabaq, orta və arxa qanad hissələrində müxtəlif ölçülü panellərin əlavə edildiyi müşahidə olunur. Gövdənin müxtəlif hissələrində isə anten sistemlərinə aid olduğu ehtimal edilən elementlər diqqət çəkir.

KAAN-ın əsas xüsusiyyətlərindən biri də antenlərin mümkün qədər gövdəyə inteqrasiya edilməsidir. Xaricə çıxan antenlərin minimuma endirilməsi təyyarənin aerodinamik xüsusiyyətlərinin qorunmasına və radar görünürlüğünün azaldılmasına xidmət edən konstruktiv yanaşmalardan biri hesab olunur.

Yeni prototiplərin hazırlanması KAAN layihəsinin növbəti mərhələyə keçdiyini göstərir. Uçuş və yerüstü sınaqların davam etdirilməsi ilə təyyarənin avionika, uçuş idarəetməsi, radar və digər kritik sistemlərinin daha geniş şəkildə sınaqdan keçirilməsi gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki