Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi KAAN-ın yeni prototipi ilk taksi (yerüstü hərəkət) sınaqlarını uğurla başa vurub.
Vətəninfo.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin ən mühüm layihələrindən biri hesab olunan KAAN proqramı çərçivəsində hazırlanmış iki yeni prototip ictimaiyyətə təqdim edilib. Bildirilir ki, bu platformalar ötən il ilk uçuşunu həyata keçirən prototiplə müqayisədə bir sıra texniki və konstruktiv yeniliklərlə fərqlənir.
İlk uçuş sınaqlarını həyata keçirən KAAN-0 prototipindən sonra KAAN-1 hazırda yerüstü sınaq mərhələsindədir. Bu çərçivədə təyyarə ilk taksi sınaqlarını uğurla tamamlayıb və digər yerüstü yoxlamalar davam etdirilir.
KAAN layihəsi çərçivəsində ilk prototip 17 mart 2023-cü ildə anqardan çıxarılaraq uçuş-enmə zolağına gətirilmişdi. Daha sonra təxminən 11 ay davam edən hazırlıq və sınaq prosesindən sonra ilk uçuşunu uğurla həyata keçirmişdi.
Yerli imkanlarla hazırlanıb istehsal edilən KAAN-ın uzunluğu 21 metr, qanad açıqlığı 14 metr, hündürlüyü isə 6 metrdir. Təyyarə təkpilotlu kabinəyə, iki mühərrikə, yüksək manevr qabiliyyətinə, aşağı radar görünürlüğünə (stealth), daxili silah bölməsinə və inkişaf etmiş elektron müharibə sistemlərinə malikdir.
KAAN-ın gələcəkdə Türkiyə Hərbi Hava Qüvvələrinin əsas döyüş platformalarından birinə çevrilməsi nəzərdə tutulur.


























