Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Vladimir vilayətində yerləşən “Wildberries” şirkətinin ən böyük logistika mərkəzlərindən birinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə sənayesi şirkəti Fire Point məlumat yayıb.
Məlumata görə, hücum zamanı Ukrayna istehsalı olan FP-1 tipli kamikadze dronlardan istifadə edilib. Bildirilir ki, hədəfə alınan logistika kompleksi “Wildberries”in Mərkəzi Rusiyadakı ən iri anbarlarından biridir.
Şirkətin açıqlamasında qeyd olunub ki, obyekt tam istismara verildikdən sonra onun ümumi sahəsinin təxminən 175 min kvadratmetr, tutumunun isə 120 milyondan çox məhsul olacağı planlaşdırılırdı.
Fire Point-in yaydığı məlumatda vurğulanıb ki, Rusiyanın əsas logistika mərkəzlərinin sistemli şəkildə sıradan çıxarılması ölkəyə əlavə iqtisadi təzyiq göstərir, təchizat zəncirlərini pozur, infrastrukturun bərpası xərclərini artırır və Rusiyanın elektron ticarət bazarının ən böyük şirkətlərindən biri olan “Wildberries”in fəaliyyətinə mənfi təsir edir.
Avqustun 2-də Ukrayna dronları Samara vilayətinin Novosemeykino qəsəbəsində yerləşən “Wildberries” logistika mərkəzinə də zərbə endirib. Nəticədə 130 min kvadratmetr sahəni əhatə edən anbarın tamamilə yandığı bildirilir. Həmin obyekt 2025-ci ilin may ayında istifadəyə verilmişdi və tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada 120 milyon vahidədək məhsulun saxlanılması nəzərdə tutulurdu.
Bundan başqa, avqustun 3-nə keçən gecə Rusiyanın Belqorod şəhəri də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Məlumatlara görə, zərbələrdən sonra Belqorod Dövlət Texnologiya Universitetində güclü yanğın baş verib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Saratov vilayətində yerləşən Engels hərbi aerodromunu da hədəfə aldığı bildirilir. Məlumatlara əsasən, hücum nəticəsində aerodrom ərazisində yanğın qeydə alınıb. Bundan əlavə, Saratov Neft Emalı Zavodu, Kaluqa vilayətindəki neft bazası və Rusiyanın digər hərbi-logistika obyektlərinin də zərbələrə məruz qaldığı qeyd olunur.
Qeyd edək ki, Rusiya tərəfi hücumlarla bağlı məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib və zərbələrin nəticələri barədə müstəqil mənbələrdən tam təsdiqlənmiş məlumat yoxdur.


























