image-reklam-veteninfo
image-1backend

Ukrayna dronları Rusiyanın iri neft emalı zavodunu hədəfə alıb

image-reklam-veteninfo

Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Omsk vilayətində yerləşən ölkənin ən böyük neft emalı müəssisələrindən biri olan Omsk Neft Emalı Zavoduna hücum edib.

Vətəninfo.az xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Rusiyanın mərkəzi bölgələrində yerləşən strateji əhəmiyyətli bu obyektə edilən ilk hücumlardan biridir.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bildirib ki, bir neçə PUA şəhərin şimal sənaye zonasına çataraq zavoda zərbə endirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının əksəriyyətini zərərsizləşdirib və ilkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Rusiya mətbuatının yaydığı məlumata görə, hücum səbəbindən Omsk şəhərinin Mərkəzi və Oktyabrski rayonlarında hava həyəcan siqnalları verilib. Təhlükəsizlik məqsədilə Omsk hava limanında eniş və qalxışlar müvəqqəti dayandırılıb, bölgə üzərindən həyata keçirilən uçuşlara da məhdudiyyət tətbiq edilib.

“Qazprom Neft” şirkətinin idarə etdiyi Omsk Neft Emalı Zavodu benzin, dizel yanacağı, aviasiya kerosini və yol-tikinti bitumu istehsal edir. Müəssisənin illik emal gücü 20,5 milyon ton xam neft təşkil edir və Rusiyada istehsal olunan Avro-5 standartlı benzin və dizel yanacağının əhəmiyyətli hissəsini təmin edir.

Rusiya Müdafiə Nazirliyi isə son sutka ərzində ölkənin 20-dən çox regionunda 600-dən artıq Ukrayna PUA-sının zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, hücumların əsas hədəfi enerji infrastrukturu olub.

Bəyanatda həmçinin iddia edilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumların NATO sammiti ərəfəsində həyata keçirilməsi barədə göstəriş verib. Rusiya tərəfi bunu Kiyevin Qərb müttəfiqlərinə Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbə endirmək imkanlarını nümayiş etdirmək cəhdi kimi qiymətləndirib.

Son aylarda Ukrayna Rusiyanın enerji infrastrukturu və hərbi obyektlərinə qarşı uzaqmənzilli PUA hücumlarını intensivləşdirib. Buna cavab olaraq Moskva da Ukraynanın hərbi infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirir.

Qeyd edək ki, münaqişə tərəflərinin açıqlamaları müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki