image-reklam-veteninfo
image-1backend

Ukrayna Moskva vilayətində silah zavodunu  PUA ilə VURDU

image-reklam-veteninfo

Moskva vilayətinin Podolsk şəhərində yerləşən Rusiyanın hərbi-sənaye kompleksinə aid müəssisələrdən biri pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra yanğına məruz qalıb.

Vətəninfo.az xəbər verir ki, zərbə Podolsk şəhərinin Klimovsk mikrorayonunda yerləşən Dəqiq Mühəndislik üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutuna (TsNIITochMash) endirilib. Hadisədən sonra müəssisənin ərazisində yanğın baş verib.

TsNIITochMash Rusiyanın “Rostec” dövlət korporasiyasının tərkibinə daxildir və kiçik silahlar, döyüş texnikası və sursatların hazırlanması üzrə ixtisaslaşıb. Müəssisədə “Ratnik” döyüş təchizatı kompleksi, “AS Val” səssiz avtomatı, “VSS Vintorez” səssiz snayper tüfəngi və “SR-1 Gyurza” tapançası kimi silah sistemləri hazırlanıb.

Qeyd edək ki, institut Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, İsveçrə, Yeni Zelandiya və Ukrayna tərəfindən tətbiq olunan sanksiyalar siyahısına daxildir.

Bundan əvvəl Rusiyanın paytaxtı Moskva və ətraf vilayətlərinə yüzlərlə PUA ilə hücum edildiyi bildirilmişdi. Məlumatlara əsasən, hücumlar nəticəsində Moskva vilayətində ən azı beş fərqli ərazidə yanğın baş verib.

Bildirilib ki, Podolsk şəhərində yerləşən neft bazası, Domodedovo rayonundakı “Yujnıe Vrata” sənaye-logistika kompleksi, TsNIITochMash müəssisəsi və digər obyektlər hücuma məruz qalıb. Həmçinin pilotsuz uçuş aparatlarından birinin yaşayış binasına düşdüyü qeyd edilir. Beşinci yanğın ocağının hansı obyektdə baş verdiyi hələlik dəqiqləşdirilməyib.

Bundan başqa, bəzi mənbələr Rusiyanın ən iri elektron ticarət şirkətlərindən biri olan “Wildberries”in Koledino qəsəbəsində yerləşən logistika mərkəzinin, eləcə də Motovilovo ərazisindəki “Grivno” sənaye parkının da PUA hücumuna məruz qaldığını iddia edir.

Hadisə ilə bağlı Rusiya rəsmiləri hələlik ətraflı açıqlama verməyiblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki