Ukrayna dronları Rusiyanın bir neçə bölgəsinə hücum edib. Onlar Volqoqrad vilayətinə, Dağıstana və Tatarıstana zərbələr endiriblər.
Vətəninfo.az xəbər verir ki, Volqoqradda baş verən hücum nəticəsində Wildberries logistika müəssisəsində yanğın baş verib. Şirkətin mətbuat xidməti yanğınsöndürənlərin hadisə yerində olduğunu və ilkin olaraq heç bir itki olmadığını bildirib.
“Hücum nəticəsində şirkətin Volqoqraddakı logistika müəssisəsində yanğın baş verib. Logistika zəncirləri yenidən təşkil edilib və sifarişlər qəbul edilir və digər müəssisələrə göndərilir”, – deyə açıqlamada bildirilir.
Bundan əlavə, digər bölgələrdən də hücumlar barədə məlumatlar gəlir. Yerli mənbələrə görə, Dağıstanda Kaspiysk limanı yaxınlığında dronlar müşahidə olunub.
Tatarıstandakı monitorinq mərkəzləri Kazan, Nijnekamsk və Zelenodolskdakı sənaye və logistika obyektlərinə hücumlar barədə məlumat verir. Yerli Telegram kanalları da Zelenodolskdakı Wildberries anbarına mümkün hücum barədə məlumat verib.


























