Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Orenburq vilayətində yerləşən qaz emalı və helium istehsalı müəssisələrinə zərbələr endirildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, iyunun 24-nə keçən gecə həyata keçirilən əməliyyat nəticəsində cəbhə xəttindən 1200 kilometrdən çox məsafədə yerləşən bir sıra strateji obyektlərə ziyan dəyib.
Baş Qərargahın açıqlamasında bildirilir ki, zərbələr Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilib və müəssisələrin ərazisində yanğın qeydə alınıb.
“Obyektlərdə yanğın baş verib. Dəymiş ziyanın həcmi dəqiqləşdirilir”, – deyə məlumatda qeyd olunub.
Məlumata əsasən, zərbələrə məruz qalan Orenburq Qaz Emalı Zavodu və Orenburq Helium Zavodu vahid sənaye kompleksi kimi fəaliyyət göstərir.
Orenburq Qaz Emalı Zavodu dünyanın ən iri qaz-kimya müəssisələrindən biri hesab olunur. 1974-cü ildə istifadəyə verilən zavodun illik emal gücü 45 milyard kubmetr qaz təşkil edir.
Müəssisədə təbii qazın emalı ilə yanaşı, kükürd də istehsal olunur. Kükürd müxtəlif sənaye sahələrində, o cümlədən partlayıcı maddələrin istehsalında istifadə edilir.
Orenburq Helium Zavodunda isə qazın emalı nəticəsində helium və etan ayrılır. Helium raket texnologiyalarında və müxtəlif istiqamətləndirmə sistemlərində istifadə olunan strateji xammal hesab edilir. Etan isə xüsusi plastiklərin, aviasiya sənayesində istifadə olunan kabel izolyasiyalarının və bəzi raket yanacağı komponentlərinin istehsalında tətbiq olunur.
Ukrayna mediasının məlumatına görə, eyni gecə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı bölmələri tərəfindən işğal altındakı Krım ərazisində yerləşən bir sıra hərbi obyektlərə də zərbələr endirilib.
Məlumata əsasən, Kerç boğazı yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemləri, eləcə də Saki və Qvardeyskoye hərbi aerodromlarının infrastrukturu hədəfə alınıb.
Bildirilir ki, Saki aerodromunda hərbi aviasiya texnikasının saxlanıldığı dörd anqar zədələnib. Bundan əlavə, Kerç yaxınlığında iki S-400 zenit-raket kompleksi və iki “Pantsir-S1” zenit-raket və artilleriya sistemi vurulub.
Rusiya tərəfi isə hələlik bu məlumatlarla bağlı rəsmi açıqlama verməyib.

























