Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Müdafiə Qüvvələri Rusiyanın hərbi, logistika və enerji infrastrukturuna qarşı növbəti genişmiqyaslı zərbələrin endirildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, SBU-nun yaydığı məlumata görə, müvəqqəti işğal altında olan Krımın Yevpatoriya şəhərində yerləşən Yevpatoriya Aviasiya Zavodunun istehsal sahəsi, eləcə də təyyarələrin saxlanıldığı iki anqar dəqiq zərbələrlə vurulub.
Bununla yanaşı, Krasnodar diyarında yerləşən Taman limanının infrastrukturu da hədəfə alınıb. Bildirilir ki, hücumdan sonra liman ərazisində genişmiqyaslı yanğın baş verib.
SBU həmçinin Rusiyanın ən iri neft emalı müəssisələrindən biri hesab olunan, ildə təxminən 15 milyon ton neft emal gücünə malik “Lukoil-Volqoqradneftepererabotka” zavoduna uğurlu zərbə endirildiyini bildirib. Müəssisədə benzin, dizel və aviasiya yanacağı istehsal olunur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Luqansk vilayətinin Qolubovka yaşayış məntəqəsi yaxınlığında Rusiyaya məxsus “Pole-21” elektron müharibə kompleksinin məhv edildiyini açıqlayıb.
Məlumata görə, Krımın Naumovka ərazisində yerləşən sursat anbarı, həmçinin Donetsk vilayətinin Baxmut istiqamətində düşmənin komanda məntəqəsi də zərbələr nəticəsində vurulub.
Qeyd edək ki, son həftələr Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hərbi və strateji infrastrukturuna qarşı hücumları intensivləşdirib. Daha əvvəl Krımdakı Qvardeyskoye hərbi aerodromuna, Azov dənizində hərbi-logistika məqsədilə istifadə olunduğu bildirilən gəmilərə, eləcə də “Çernomornefteqaz” müəssisəsinə zərbələr endirildiyi açıqlanmışdı.
Rusiya tərəfi isə bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.


























