image-280183875_1178373349662648_5688804527922530018_n-768x403backend

Ukraynalı jurnalist: “Bayraktar”lar Rusiya ordusuna qarşı mübarizədə danışıqlardan daha effektlidir” – MÜSAHİBƏ

image-reklam_sirab_01

“Xarici ölkələrdən könüllülər gələrək bizimlə çiyin-çiyinə döyüşməyə və həlak olmağa hazırdırlarsa, deməli, burada söhbət yalnız Ukraynanın azadlığından getmir”.

Marqarita Sıtnık, Polşada yaşayan ukraynalı jurnalist.

Ukraynanın “1+1” telekanalının əvvəl Rusiya, daha sonra isə Polşada xüsusi müxbiri işləyib. 2014-cü ildə Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Federal Təhlükəsizlik Xidmətinin (FTX) təqiblərindən qorunmaq üçün ölkəni tərk etməli olub. Hazırda Polşada jurnalist və PR fəaliyyəti ilə məşğuldur.

Yenicag.az Marqarita Sıtniklə geniş və maraqlı müsahibəni təqdim edir.

– Artıq 80 günə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Bir neçə ildir Polşada yaşadığınızı nəzərə alsaq, bu müharibəni necə qavrayırsınız?

– Harada yaşamaqlarından asılı olmayaraq, ukraynalılar öz ölkələri üçün həyəcan keçirirlər. Söhbət sənin Vətənindən, sənin üçün qiymətli olan dəyərlərdən gedirsə, məsafənin əhəmiyyəti yoxdur. Əgər valideynlərin və doğmaların Rusiya ilə sərhədin 40 kilometrliyində yerləşən Sumıda və Xarkovdadırlarsa, belə bir amansız, genişmiqyaslı müharibəni yaşamaq çox çətindir. Müharibənin ilk günlərində telefondan asılıb qalmışdıq. Xəbərləri izləyir, doğmalarımızın sosial şəbəkələrdə onlayn olduqları vaxtı müəyyənləşdirməyə çalışırdıq. Onlarla telefon söhbətinin sonuncu ola biləcəyini təsəvvür etmək, əllərində silah Ukraynanın müdafiəsinə qalxan jurnalist həmkarlarımızın həlak olduqlarını bilmək, yaxud da “Azadlıq” radiosunun əməkdaş və prodüseri, televiziyada birlikdə çalışdığımız Vera Qiriçin üzləşdiyi aqibət kimi, Kiyevdəki mənzilinə düşən raketdən dünyasını dəyişənləri düşünmək çox dəhşətlidir.

Bu müharibə mənim üçün sivilizasiya ilə dəyərlərin dönüş anı oldu. 7 ildir Polşadayam, artıq öz çevrəm və yaxşı işim var. Lakin savaşın ilk günündən içimdə Ukraynaya qayıtmaq hissi oyandı və getdikcə gücləndi. Bu zaman öz kökünü və doğma torpağınla bağlılığını heç vaxt olmadığı qədər hiss edirsən. Mən məzuniyyətə çıxacağım iyun ayını gözləyirəm ki, doğmalarımı yenidən görüb bağrıma basım. Qələbədən sonra isə ölkəmin bərpa olunması və dirçəlişində iştirak etmək üçün Ukraynaya qayıdacağam.

Biz, hazırda xaricdə yaşayan ukraynalılar da qələbəyə öz töhfəmizi verməyə çalışırıq. Humanitar yardım toplayır, əsgərlərimizə gülləkeçirməz jilet və sursat alıb göndərir, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya yardımların artırılması tələbi ilə etiraz aksiyaları keçiririk.

– Yəqin ki, Rusiya hərbi təcavüzünün ilk günləri və növbəti həftələrlə müqayisədə savaşın gedişatı, o cümlədən mümkün yekunu haqda fikirlərinizdə müsbət və nikbin dəyişikliklər var. Başa düşdüyünüz kimi, mən Ukraynanın fenomenal müqavimətini nəzərdə tuturam.

– Hətta müharibənin ilk günlərindən etibarən sonda Ukraynanın qalib gələcəyinə əminəm. Başqa cür ola bilməz! Ukraynalıların çoxu inanmırdılar və son ana qədər ümid edirdilər ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlamayacaq. Onlar ən çoxu da inanmırdılar ki, rusların özlərini qələmə verdikləri kimi – “xilaskarlar” ukraynalıları amansızlıqla məhv edərək xalqımıza qarşı soyqırımı törədəcəklər.

Biz bilirdik ki, müdafiə olunacağıq və böyük müqavimət hərəkatı yaranacaq. Ukraynalılar hələ 2014-cü ilin Maydan proseslərində birləşməyi və öz dəyərlərini əldə silah olmadan qorumağı bacardıqlarını göstərdilər. İndi bütün dünya ukraynalıların yüksəlişdə olduqlarını, öz torpaqlarının azadlığı uğrunda necə birləşdiklərini və düşmənə qarşı layiqli cavab verdiyini görməkdədir. Ukraynalıların yalın əllə düşmən tankının önünü kəsdikləri, dizlərindən güllələnmiş 15 yaşlı qızın 30 kilometrlik işğal zonasından yaralıları maşınla çıxarması, ukraynalı həkimlərin yaralı əsgərləri güllə yağışı altında tək qoymadıqları, həmvətənlərimin tək insanları deyil, heyvanları da xilas etdikləri, işğal altındakı Xerson sakinlərinin 1937-ci il Sovet və 2014-cü il Donbas repressiyalarına bənzər işgəncələrdən çəkinməyərək Ukrayna bayraqları ilə mitinq keçirmələri və əlbəttə ki, “Azovstal”ın qəhrəmancasına müdafiəsi barədə foto və video materiallar dünyanı dolaşmaqdadır.

Yəni hər kəs – hərbçilər, könüllülər, əkin-tarla işlərini ləngitməyən fermerlər, ölkə kənarındakı çıxışları ilə Ukrayna üçün yardım toplayan, evdə isə döyüş ruhunu yüksəldən idmançılar, həmçinin xaricdəki ukraynalılar qələbədə paylarının olmasına çalışırlar. Ən əsası, ukraynalıların Rusiya hərbi təcavüzünə qarşı fenomenal müqaviməti Rusiyapərəst mövqe tutan, ölkəmizin qələbəsinə qətiyyən inanmayan ölkələrin mövqe və ritorikalarının kardinal surətdə dəyişməsinə təkan verdi. Məsələn, Almaniyada bəzi yüksək dövlət məmurları bildirirdilər ki, Ukrayna bu savaşda cəmi bir neçə saat davam gətirə bilər. Onlar fevralda Ukraynaya kortəbii surətdə cəmi 5000 dəbilqə yardımı vəd edərək “Şimal axını-2” qaz layihəsindən imtina haqda düşünmürdülər. .

İndi isə Almaniya rəhbərliyi artıq Ukraynaya ağır silahlar verilməsinin və Rusiya enerji daşıyıcılarına qarşı embarqoları dəstəkləmələrinin mümkünlüyündən danışır. Almaniyanın siyasi elitası anlamağa başlayır ki, Rusiya hakimiyyəti İkinci Dünya Müharibəsi dövründəki nasist rejimindən, demək olar, fərqlənmir. İtaliya kimi uzun müddət Rusiyapərəst mövqe tutan bir ölkə də artıq Ukraynaya siyasi dəstək verərək öz xarici siyasətinin vektorunu dəyişir, ölkəmizə silah göndərir, bərpa prosesində iştiraka hazır olduğunu bəyan edir. Putinin köhnə və sadiq dostu olan İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni də Buça qətliamından sonra Rusiya Prezidentinin hərəkətlərindən “dərin məyusluq və sarsıntı keçirdiyini”, Buça vəhşətinin “gerçək hərbi cinayət” olduğunu bildirib. Eyni zamanda, Balkan yarımadasının “mini-Rusiya imperiyası” sayılan, Moskvanın strateji tərəfdaş hesab etdiyi Serbiya da antiRusiya sanksiyalarına qoşulmasa və ondan qaz alışını dayandırmasa belə, Rusiyanı “azad Avropa üçün təhdid” kimi dəyərləndirib.

Foto: Olqa Solomaxa
Artıq bütün dünya bizim ruslarla qardaş olmadığımızı, aramızda çox dərin sivilizasiya uçurumunun mövcudluğunu gördü. Onları insan adlandırmaq da çətindir. İndi qoy dünyanın heyran olduğu o “rus mədəniyyəti” hərbi gəmilərin arxsınca gedərək Buça və Mariupol qırğınlarından sonra Dostoyevski ilə Puşkinin məkrlərini tərənnüm etsin. Çünki o “böyük mədəniyyət”in təsirində böyüyənlər döyüş yoldaşlarının cəsədlərini yad torpaqda buraxan, məişət texnikası oğurlayan terrorçular və yağmaçılardır. Bu, hərbi qənimət qismində öz arvadlarına qadın alt paltarları daşıyan əsgərlərin millətidir. Onları arvadları da öz növbələrində ərlərini ukraynalı uşaqları öldürməyə, qızları zorlamağa, qulaqlarını kəsməyə, cəsədlərin üzərinə svastika təsviri oymağa çağırırlar. Baxın “dünyanın ikinci ordusu” həyatlarını təhlükəyə ataraq tankların lülələri altında mitinqlərə çıxan, yeganə silahları azad və müstəqil Ukraynanın bayraqları olan insanlardan necə qorxur.– Avropa ölkələrinin Ukraynaya hərbi yardım göndərilməsinə yanaşmaları haqda nə düşünürsünüz? Avropa İttifaqının lokomotiv ölkələrinin bu planda tərəddüdlərinə son qoyulub?– Biz hərbi yardımla bağlı uzun müddət xahiş etməli və gözləməli olduq. Avropa Rusiyanın təcavüzünə reaksiya versə də, işğalçı ordunun əsgərlərinin cinayətkar seriya əməllərinin önlənməsinə yönəlik iş görmədi. O halda, biz bu qədər itki və dağıntılara məruz qalmaya bilərdik.Ukraynada Rusiyanın hərbi təcavüzündən həmən sonra bizə silah yardımı, qaçqınların qəbulu, həmçinin dünyada ölkəmizin lobbiçisi kimi çıxış etməkdə tərəddüdsüz davranan Böyük Britaniya, Polşa və Baltik ölkələrinə minnətdardırlar.Bununla belə, Avropanın heç də bütün ölkələri çoxdan aparılan müharibənin – informasiya savaşının passiv iştirakçısı olduqlarını hələ dərk etmirlər. Rusiyanın təbliğat maşını bir neçə onillikdir ki, Ukraynanın təbii qaz üzrə əməkdaşlıqda etibarsız tərəfdaş olduğu, ölkəmizin millətçilər tərəfindən idarə olunması və sair haqda mif yaradırdılar. Bu təbliğat “Russia Today” ekranlarından Ukrayna barəsində narrativləri sırıyır, politoloqların, siyasi texnoloqların, tanınmış partiyalarla siyasətçilərin ələ alınması ilə məşğul olur, Avropa ölkələrinin idarəçiliyində strateji əhəmiyyətə malik biznesə investisiya yatırırdı. Nəticədə bir çox ölkələr öz sadəlövhlüklərindən bu tələyə düşdülər və indi xilas olmağa çətinlik çəkdikləri “Rusiya qaz pulu”nun girovuna çevriliblər.Ancaq ukraynalıların inamlı müqaviməti və nəzərdə tutulan ölkələrin xalqlarının təzyiqi həmin hökumətləri çətin vəziyyətə salaraq Ukrayna ilə Rusiyaya münasibətlərində ciddi dönüş yaratdı.Artıq indi aydındır ki, Putin özünü göstərmək istədiyi qədər də qorxulu deyil, “dünyanın ikinci ordusu” isə, əslində, təcavüzkarlardan və yağmaçılardan ibarət bir nömrəli terrorçu ordudur. Buça və Mariupol qırğınlarından sonra da Rusiyanı dəstəkləyən siyasətçilər isə öz reputasiyalarını riskə atmış oldular.Məncə, Ukrayna bu planda çox düzgün xarici siyasət yürüdərək, ilk növbədə, ölkələrin hökumətlərinə yox, xalqlarına üz tutdu. O baxımdan, Avropa İttifaqının lokomotiv ölkələri artıq öz mövqelərini və ritorikalarını dəyişməkdədirlər. Təkrar vurğulayım ki, bu, haqqında danışdığımız Almaniya və İtaliyanın nümunəsində açıq görünür. O cümlədən Ukrayna məsələsi Xorvatiyada Rusiyapərəst prezidentlə Ukraynanı dəstəkləyən baş nazir arasında siyasi qarşıdurmaya gətirib çıxarıb.

Rusiyanın fəal siyasi lobbisinin və biznesində əhəmiyyətli payının olduğu Avropanın bir sıra ölkələrində artıq Ukraynanın dəstəklənməsinə doğru kiçik irəliləyişlər müşahidə edilir. Ümid edirəm ki, bu mövqe tektonik effekt verəcək və Avropa ölkələri Rusiya neft-qazından imtina etməklə Rusiya terroriziminin maliyyə kanallarını bağlayacaq, bununla tək Ukraynaya sülh gətirməyəcək, həm də qitənin təhlükəsizliyini təmin edəcəklər. Yalnız Avropanın “azmış”ı kimi davranan Macarıstanın öz mövqeyini dəyişəcəyi şübhə doğurur.

– Müşahidə edildiyi qədər, NATO üzvləri arasında yalnız Türkiyə savaşın dayandırılmasına yönəlik təşəbbüslərlə çıxış edir və bu çərçivədə onun təşkilatçılığı ilə Ukrayna və Rusiya nümayəndələrinin bir neçə dəfə görüşü keçirilib. Sizcə, savaşın bu mərhələsində diplomatiyanın cüzi də olsa, şansı qalıb?

– Terrorçularla hansı danışıqlar aparıla bilər? Rusiya Ukraynanı tək yer üzündən deyil, həm də tarixdən silmək istəyən terrorçu ölkədir. Həm də Rusiya artıq yalnız Ukraynanı təhdid etmir. Rusiya hərbi təyyarələri Avropa ölkələrinin müntəzəm pozmaqdadır və onun Moldovaya hərbi müdaxilə təhlükəsi çox yüksəkdir.

İkinci Dünya müharibəsi göstərdi ki, təcavüzkarı sakitləşdirmək siyasəti heç bir effekt vermir. SSRİ də özünü çox aqressiv aparırdı və Üçüncü Reyxlə Molotov-Ribbentrop paktını imzalamışdı. Hazırda yaşadığım Polşada nasist Almaniyasının Qdanska hücuma keçdiyi 1939-cu il 1 sentyabr və həmin il SSRİ-nin şərqdən ilk zərbəni endirdiyi 17 sentyabr tarixlərini, eləcə də nasist Almaniyasının ordusu ilə Qırmızı Ordunun Brestdə keçirdiyi birgə hərbi paradı da çox yaxşı xatırlayırlar. Nə Ukraynada, nə də Azərbaycanda bu barədə tarix dərsliklərində uzun müddət heç nə yazılmadı. Çünki Sovet təbliğatı “Böyük Vətən müharibəsi” mifi yaradırdı. İndi isə Putin həmin qələbədən bizdə deyildiyi kimi, “dəliqələbə” təbliğatı üçün yararlanır.

Axı millətimizin gələcəyi olan uşaqları məhv edən, qadınları zorlayan, hətta müzakirələrin getdiyi saatlarda şəhərlərimizi, humanitar dəhlizləri bombalayan düşmənlə necə danışıq aparmaq olar? Rusiya bütün beynəlxalq konvensiyaları tapdalayaraq dinc əhalini atəşə tutur, həkim və jurnalistləri qətlə yetirir, insanları zorla öz ərazisinə aparır. Danışıqlar prosesi sadəcə Rusiya ilə müzakirələrin faydasızlığının və onun sözünün bir qəpiklik dəyərinin olmamasının isbatıdır. İmperiya yalnız güc dilini anlayır və bu müharibədə ən təsirli arqument düşmənlə aparılan danışıqlar yox, məhz bizim ordumuzdur. “Bayraktar”lar Rusiya ordusuna qarşı daha effektlidir, nəinki Türkiyədə aparılan danışıqlar. Türkiyənin danışıqlar üçün meydan ayırması da onun seçiminin göstəricisidir.

– Rusyanın Ukraynaya hərbi təcavüzündən sonra postsovet ölkələrinin davranışları haqda fikirləriniz də bilmək maraqlıdır.

– Hər şey gözlədiyimiz kimi oldu. Bilirdik ki, Polşa və Baltik ölkələri bizi dəstəkləyəcəklər. Onu da başa düşürdük ki, həmin ölkələr Rusiyanın növbəti hücumunun qurbanları ola bilərlər. Polşanın Ukraynaya dəstəyinin miqyası heyrətamizdir. Bu ölkə Ukraynadan ən çox sayda – 3 milyon qaçqın qəbul edib, onlara öz vətəndaşları ilə bərabər səviyyədə yaşayış üçün bütün şəraiti yaradıb. Ukraynalılar Polşanın sayəsində mehriban qonşuluq münasibətlərinin nə olduğunu, kimin bizə dostcasına yanaşdığını indi daha dərindən dərk edirlər. Polşa Ukraynaya sadəcə yardım göstərmir, həm də bizimlə birlikdə ağrılarımızı yaşayır. Həmçinin gürcü xalqı da bizə öz dəstəyini yüksək səviyyədə ifadə etdi. Bu həmrəyliyi bizə məyusluq yaşadan Gürcüstan hökumətindən də görmək istərdik.

Biz Azərbaycanın indi hansı vəziyyətdə olduğunu başa düşürük. Bir tərəfdən, rəsmi Bakının Krım və Donbasla bağlı mövqeyi Kiyevin mövqeyi ilə uyğundur. Digər tərəfdən, hazırda Qarabağda Rusiya qoşunları yerləşdirilib. Mənə məlum olduğu qədər, azərbaycanlıların əksəriyyəti Ukraynanı müdafiə edir, bizimlə həmrəylik aksiyaları keçirir, humanitar yardım toplayır. Eyni zamanda, Azərbaycan hökuməti də Ukraynaya dərman preparatları və yanacaq göndərir. Əlbəttə, biz bir az da geniş müdafiənin, məsələn, BMT-də məlum qətnamələrin dəstəklənməsini istəyərdik. Zelenskinin dediyi kimi, “bu, azsaylı ölkələrdən biridir ki, biz onun neytrallıq balansını anlayırıq, onların özündə də müharibə alovlana bilər. Ancaq daha artığını gözləyirik və uzun müddət anlayışlı qalmağımız çətindir, çünki vəziyyətimiz çox mürəkkəb olacaq”.

Belarus – bir ağrıdır. Rusiya ordusu Belarus ərazisindən Ukraynaya hücuma keçdiyi və oradan ərazilərimiz raket atəşinə tutulduğu üçün Putinin dəstəkçisi olan Lukaşenko da hərbi cani qismində cavab verməlidir. Əgər Lukaşenko Belarusu Rusiya qoşunlarının plasdarmına çevirməsəydi, onlar belə geniş miqyasda hücum edə bilməzdilər. Ancaq Belarus ordusunun bu müharibədə iştirak etməməsi o anlama gəlir ki, ölkənin daxilində Lukaşenko ilə hərbi təcavüzün legitimliyinə qarşı özünəməxsus boykot hökm sürür. Bizə o da məlumdur ki, Belarus partizanları müxtəlif diversiya aksiyaları təşkil edərək Rusiya ordusunun planlarını pozmaqdadır.

– ABŞ və Böyük Britaniya Ukraynaya silah göndərilməsini davam etdirir. Co Bayden isə Ukrayna üçün lend-liz imzalayıb. Bütün bunlar müharibənin tezliklə yekunlaşmayacağını söyləməyə əsas verir. Ukrayna dövləti və xalqı təcavüzkara qarşı uzunmüddətli müharibəyə hazırdırmı?

– Nəhayət, dünya başa düşdü ki, biz çoxdan, artıq 8 ildir, müharibə aparırıq. Təbii, biz müharibənin xeyli uzana biləcəyini təxmin edirik. Tam ciddiliyi ilə anlayırıq ki, əgər indi düşməni öz ərazilərimizdən vurub çıxarmasaq, Rusiya orada hakimiyyətdə kim olursa-olsun, itirdiklərini geri qaytarmaq cəhdlərinə ara verməyəcək. Putin öləcək, başqası gələcək. Bizim üçün artıq yaxşı rus və Rusiyanın liberal siyasətçisi anlayışı qalmayıb. Elə həmin Navalnı bizə tövsiyə edirdi ki, “Javelin” almaqdansa, ruslara müharibə reallıqlarını çatdırmaq üçün sosial şəbəkələrdə reklamlar yayımlayaq. “Facebook”dakı reklamlar mənim Sumıdakı valideynlərimi və “Azovstal”dakı insanları necə xilas edəcək? Biz ruslarla dialoq aparmaqdan usandıq. Bunun mənası yoxdur. Yeganə çıxış yolumuz mübarizə aparmaq və düşməni məhv etməkdir. Ukrayna elitası – əvvəllər heç vaxt əlinə silah almayan universitet müəllimləri, həkimlər, hüquqşünaslar və başqaları cəbhəyə yollanaraq həlak olurlarsa, bu o deməkdir ki, başqa çıxış yolu görmürük. Əgər xarici ölkələrdən könüllülər gələrək bizimlə çiyin-çiyinə döyüşməyə və həlak olmağa hazırdırlarsa, deməli, burada söhbət yalnız Ukraynanın azadlığından getmir.

Bu təkcə Avropanın təhlükəsizlik məsələsi deyil, həm də dünya iqtisadiyyatına vurulan sarsıdıcı zərbədir. Ukraynada savaşın uzanması isə nəticələrdən yana, iqtisadi böhranın nə qədər davam edəcəyindən asılı olacaq.

Terrorçu Rusiyanın yerində oturdulması və məhv edilməsi təhlükəsizliyin təmin olunması, iqtisadi böhranın uzanmasının qarşısını almaq, qaçqınlarla əlaqədar humanitar fəlakəti aradan qaldırmaq və Ukraynanın bərpası üçün gəlir əldə etmək baxımından həyati zərurətdir.

Bizə qarşı genişmiqyaslı hücuma keçən rejimin yaşı 100-dən çoxdur. Bu son əsrdə əvvəl dilimizi, mədəniyyətimizi və milli kimliyimizi məhv etməyə çalışdılar. Həm də tək bizim yox, o cümlədən Belarusun, Gürcüstanın, Azərbaycanın. Bu siyasəti postsovet ölkələrinin hər biri öz üzərində hiss edib. Sadəcə Putin deyil, rusiyalıların beş nəsli bizi məhv etməkdədir.

Ona görə də Rusiya özünün hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Həmçinin bu əməllərə səssiz qalan, bununla da rejimin hərbi cinayətlərinə haqq qazandıran hər bir rusiyalı da bu cəzanın təsirini hiss etməlidir.

image-ukrayinka

 

Ona görə də Rusiya özünün hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Həmçinin bu əməllərə səssiz qalan, bununla da rejimin hərbi cinayətlərinə haqq qazandıran hər bir rusiyalı da bu cəzanın təsirini hiss etməlidir.

Onlar bizdən çox şey oğurlayıblar. Bu səbəbdən də bizim şəhərlərimizi bərpa etməli, dəyən maddi zərərləri ödəməli, onilliklər boyunca ölkəmizin çiçəklənməsi üçün işləməlidirlər. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar hətta Ukraynanın qələbəsindən sonra da qüvvədə qalmalıdır. Rusiyaya yönəlik heç bir güzəştə yer olmamaldır. Rusiyaya aid hər nə varsa, boykot edilməlidir. O cümlədən mədəniyyət sferasında olan embarqolar da götürülməməlidir. Hesablaşmaq vaxtı yetişib.a


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki