image-reklam-veteninfo
image-1backend

Ukraynaya milyardlarla dollarlıq yeni hərbi yardım paketi ayrılıb

image-reklam-veteninfo

NATO-nun mənzil-qərargahında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramşteyn” formatı) növbəti iclasında Ukraynaya ümumi dəyəri təxminən 4 milyard ABŞ dolları olan yeni hərbi yardım paketləri açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov brifinq zamanı məlumat verib.

Nazirin sözlərinə görə, builki görüş “Fürsət pəncərəsi” şüarı altında keçirilib. O bildirib ki, Ukraynanın müxtəlif istiqamətlərdə əldə etdiyi nəticələr tərəfdaş ölkələrin dəstəyini daha da artırmasına səbəb olub.

Fedorov qeyd edib ki, görüş çərçivəsində Ukraynanın Prioritet Tələblər Siyahısı (PURL) proqramı üzrə indiyədək ən böyük yardım paketlərindən biri elan olunub.

“Bu gün PURL proqramı çərçivəsində 1 milyard dollarlıq yardım paketi açıqlanıb. Bundan əlavə, 30 kilometrdən artıq mənzilə malik uzaqmənzilli artilleriya sistemləri üçün də yeni dəstək paketi elan edilib”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Ukraynanın raket və pilotsuz uçuş aparatları proqramlarına dəstək də genişləndirilir. Fedorov vurğulayıb ki, Niderland Ukrayna üçün təxminən 700 qanadlı raketin maliyyələşdirilməsini üzərinə götürüb.

Nazir əlavə edib ki, hazırda elan olunan yeni yardım paketlərinin ümumi dəyəri təxminən 4 milyard dollar təşkil edir və yekun məbləğin daha da artacağı istisna olunmur.

“Artıq təxminən 4 milyard dollarlıq dəstəkdən söhbət gedir. Bəzi ölkələr əvvəl elan olunmuş proqramları da genişləndiriblər. Buna görə yekun rəqəm daha yüksək ola bilər”, – deyə o qeyd edib.

Fedorov bildirib ki, Ukraynanın hazırkı əsas prioritetləri hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli artilleriya vasitələri və yerli istehsal olan pilotsuz uçuş aparatlarıdır.

“Bu vasitələr düşmənin hücumlarının qarşısını almağa, dərinlikdə yerləşən hərbi hədəflərə zərbələr endirməyə və əməliyyat imkanlarımızı genişləndirməyə xidmət edir”, – deyə müdafiə naziri vurğulayıb.

Almaniyadan əlavə hərbi dəstək

Almaniyanın müdafiə naziri Boris Pistorius da Ukraynaya əlavə hərbi yardım göstəriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna daha bir IRIS-T hava hücumundan müdafiə sistemi alıb. Həmçinin IRIS-T SLS və IRIS-T SLM raketlərinin tədarükü sürətləndiriləcək. Almaniya ehtiyatlarından yüzlərlə hava-hava tipli raketin də Ukraynaya göndərilməsi planlaşdırılır.

Pistorius bildirib ki, Almaniya Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə PAC-3 raketlərinin alınmasına 200 milyon dollar ayıracaq.

“Biz ilk tədarük mərhələsinin maliyyələşdirilməsində iştirak edəcəyik və digər tərəfdaşları da bu təşəbbüsə qoşulmağa təşviq etmək istəyirik”, – deyə o bildirib.

Almaniya həmçinin PURL proqramı çərçivəsində əlavə 200 milyon dollar ayıracağını və Ukraynaya dronlar, eləcə də uzaqmənzilli sursatların tədarükünü davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Qərb ölkələri son aylarda Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, uzaqmənzilli silahlarla təmin olunması və pilotsuz uçuş aparatları istehsalının artırılması istiqamətində dəstəyi genişləndirirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki