Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının həmrəyliyində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyimizin nümayişinin parlaq təzahürü oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırıb. Ümummilli Liderin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmçinin 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərmanları bu baxımdan böyük tarixi-siyasi əhəmiyyət daşımaqla milli-mənəvi dəyərlərin qorunmasına, möhkəmləndirilməsinə və daha da yüksəlişinə xidmət edir.
Bu gün azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünə məxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirməkdə, milli özünüdərk hissini gücləndirməkdə və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəltməkdədir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, birxalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideolojidayağımızdır”.
Aysel Mənsimova – politoloq