image-reklam-veteninfo
image-2backend

Üzü astarından baha olan təhsil – Vahid forma ədalət üçündür, yoxsa varlanmaq?

image-reklam-veteninfo

Artıq məktəbin başlamasına bir aydan az müddət qalıb. Valideynlər müxtəlif mağaza və yarmarkalardan uşaqları üçün məktəb ləvazimatları alırlar. Qiymətlər isə keçən illə müqayisədə heç ürək açan deyil. Mağazalarla yanaşı yarmarkalarda fəaliyyət göstərir. Vətəndaşların rifahı yaxşı olmasa, bir yarmarka ilə bu məsələləri həll etmək mümkün deyil. Bütün bu yarmarkaların məqsədi “camaatın gözünə kül üfürmək”dir.

Oxucumuz – iki məktəbli anası Elmira Mahmudova Publika.az-a açıqlamasında ötən gün birinci və üçüncü sinfə gedən iki qızı üçün məktəb bazarlığına getdiyini bildirib.

O qeyd edib ki, ötən il bir qızım üçün məktəbli forma daxil 150 manat pul xərcləmişdim:

“Lakin bu il iki uşağı məktəbə yola salmaq üçün 400 manat belə bəs etmir. Hər şey bahalaşıb. Məktəb bazarlığı deyəndə ağıla dəftər, qələm, çanta, forma gəlir. Axı bu dördü ilə iş düzəlmir. Kalqotka, mayka, corab, ayaqqabı, bant, köynək bu kimi lazımlı geyimlər də var. Onları da almaq lazımdır. Uşaqdır, görür istəyir. Necə olmaz deyəsən axı?

Adi pozanın qiymətində belə artım var. Uşaqlar bir qələmi iki gündən artıq işlədə bilmirlər. Qiymət baha, keyfiyyət sıfır. Qiymətlər isə əl yandırır. Məktəbli çantaları 25-170 manat, dəftərlər 0,25-1,60 manat, sadə qələmlər 0,07-1,60 manat, rəngli karandaşlar 2,50 – 12,50 manat, termoslar 5-37 manat, yemək qabları 6-28 manat aralığında dəyişir”.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, yeni tədris ilinin başlaması bir çox ailələrdə daha çox sosial baxımdan həssas olan ailələrdə məktəbli geyimləri və ləvazimatlarının alınmasında müxtəlif problemlər yaradır:

“Bir ailədən bir neçə uşaq məktəbə gedirsə həmin ailə üçün problem yaşanır. Hələ ki həmin ailə aztəminatlıdırsa bu ciddi problem deməkdir. Məktəbli geyimlərin və ləvazimatların qiyməti hər gün artır. Bunun səbəbləri müxtəlifdir. Məsələn, dünyada gedən iqtisadi böhranlar, müharibələr və konfliktlər qiymət artımına təsir göstərir. Belə vəziyyətdə isə ən çox əziyyəti imkansız ailələr çəkir. Bəzi istehsalçılar süni qiymət artımına əl atır. Bu kimi məsələlərdə hansısa nəzarət mexanizmi işləməlidir. Elm və Təhsil Nazirliyinin aztəminatlı ailələrə yardım etmə resursları yoxdur. Amma bunu düşünmək olar. Nazirliyə tabe olan qurum və məktəblərlə danışıqlar aparmaq lazımdır”.

Mütəxəssis vurğulayıb ki, məktəblərdə neçə imkansız ailələrin, valideynsiz uşaqların siyahısı tərtib edilib, Nazirliyə verilməlidir:

“Bunun üzərində işlər görülməlidir. Eyni zamanda vacib məqamlardan biri milli burjuaziyanın olmamasıdır. Təbii ki, var, amma azdır. Ayrı-ayrı şəxslər, iş adamları təbii ki, yardım göstərirlər. İstehsalçı şirkətlər də öz burjuaziya ortaya qoysalar daha faydalı olar. İstehsal və satış zamanı onsuz da onlar gəlirlər əldə edirlər. Bu gəlirlər də az olmur. Ən azı bəzi ailələrə məhsul maya dəyərinə satılmalıdır. Burada psixoloji məqamlar da vardır. Normal çanta, dəftər, forma ala bilməyən ailələrin uşaqları məktəbə gedərkən böyük psixoloji gərginlik yaşayırlar. Tutaq ki, bir sinifdə 2-3 uşaq köhnə forma və çantadan istifadə edirsə, həmin uşaqlar psixoloji zərər alır. Əslində məktəbdə olan vahid forma ədaləti bərpa etmək üçündür. Bu kimi hallarda sosial ədalət tam təmin oluna bilmir. Buna görə də sistemli bir yanaşma olmalıdır. Təkcə formalara fokuslanmaq olmaz, həm də ləvazimatları da diqqətdə saxlamalıyıq. Dövlət mümkün qədər imkanlarını səfərbər etməlidir. Məktəblər bu məsələdə xeyli aktivlik göstərməlidir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki