image-ruben-vardanyan-775x517backend

Vardanyan Moskvanı Tehrana dəyişəcəkmi?

image-reklam_sirab_01

Tehran “Artsaxı” himayə edə biləcəklərinin mesajını verir.

2017 ci il dekabrında İran KİV -lərində “DQR” –in xarici işlər naziri Masis Mailyandan müsahibə yayımlanmışdı. İranın “ Shargh(Şərq)” qəzetində getmiş müsahibədə “Dağlıq Qarabağ” müstəqil ölkə kimi təqdim olunurdu.

Davamlı antiazərbaycan mövqeyi ilə tanınan Salar Seyfəddini yaydığı müsahibənin annotasiyasında qeyd edirdi ki, “dqr” bir geosiyasi reallıq kimi Cənubi Qafqazın əsas oyunçularından biridir. “Geosiyasi baxımdan bir ölkənin diplomatik olaraq tanınması ikinci dərəcəli məsələdir, dövlət müəyyən bir ərazidə hökumət dayaqlarını gücləndirərək tədricən ortalığa çıxır”. “Shargh” “Dağlıq Qarabağ” əhalisinin təxminən 80 faizinin erməni olduğunu, SSRİ dağıldığı zaman yerli parlamentin Ermənistana birləşmək haqda qərar qəbul etdiyini xatırladırdı. Əlavə olunurdu ki, İranın bu bölgə ilə 138 kilometr sərhədi var: “Bu, Ermənistanla olan sərhəddən 100 kilometr daha çoxdur. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.”

Arazdan cənubdakı ərazilərdə qurulan rejimə aid KİV-in “Dağlıq Qarabağ”ı müstəqil ölkə kimi qələmə verməsi, qondarma respublikanın “xarici işlər naziri”ndən müsahibə alması, bu ərazilərin özü üçün xüsusi əhəmiyyətinə eyham vurması və s. ciddi qalmaqal yaratmışdı. Çünki rus KİV-ləri belə “dqr” rəsmilərindən müsahibə etmədiyi halda Tehran dövləti belə bir addım atmış, beynəlxalq hüququn bütün qırmızı cizgilərini aşmışdı. Azərbaycan tərəfinin rəsmi kanallarla etdiyi etirazlardan sonra müsahibə Tehran KİV-lərinin elektron versiyasından çıxarılmışdı.

Bu dəfə “Shargh” qəzetində digər antiazərbaycan baxışlı qafqazşünas Ehsan Müvəhhədian Ruben Vardanyanı “Artsaxın daxili işlər naziri” kimi təqdim edən müsahibə yayımlayıb. Müsahibə Tehran xarici siyasət idarəsinə yaxın “İran Diplomacy” , “Həmşəhri” kimi qəzetlərin çap versiyasında dərc olunub, çoxlu sayda KİV-in elektron saytlarında yerləşdirilib, Teleqram kanalları və Tvitter hesablarından paylaşılıb. Amma sonradan bir çox saytlardan yığışdırılıb. Yada salaq ki, E. Müvəhhədian Azərbaycana qarşı ardıcıl tədbirlər ibarətsir xüsusi yol xəritəsi təqdim etmişdi. Onun təkliflərində Artsax məsləsinə də xüsusi diqqət ayrılırdı(https://publika.az/news/nida_tehlil/433359.html).

Vardanyan müsahibəsində Masis Mailyan 6 il əvvəlki fikirlərini, “İran diplomacy” isə “Shargh”-in ovaxtkı əsaslandırma tezislərini təkrarlayır. İddia olunur ki, “Arsax geosiyasi reallıqdır”, onun mövcud olması Tehran hökumətinin maraqları çərçivəsindədir, “Süniki qorumaq üçün” Ermənistanla birgə hərbi təlimlər keçməlidir.

Müsahibədə Laçın dəhlizinin bağlanması, Rusiya sülhməramlılarının öz funksiyalarını yerinə yetirə bilməməsi haqda yönləndirici suallar verilir, İranın Ermənistan və Artsaxın təhlükəsizliyinin yeganə təminatçısı olması haqda rəy alınmasına çalışılır. Vardanyan ermənilərin təhlükəsizliyində Tehranın xüsusi rolunu vurğulayır, dini rəhbər Xameneyinin “qırmızı cizgilər” haqda xəbərdarlığını yada salır, “Şah Abbas zamanında yaradılmış Xəmsə məlikliklərin bütün Cənubi Qafqazı idarə etdiyini” deyir. Şuşadakı “fars abidəsi” Gövhər ağa məscidinin özünün təmir etməsi ilə lovğalanır. Halbuki o zaman Tehran mediası işğal olunmuş ərazilərdəki “fars dini abidələri”nin Məzlumlar Fondu (Bonyad-e Mostezafan ) tərəfindən bərpa edildiyi haqda məlumat verirdi. Görünür, Vardanyan öz “Troyka” şirkəti vasitəsilə bəzi Qərb fondlarını maliyyələşdirdiyi kimi, Qarabağdakı qeyri-leqal biznesi(mədənlərin qarəti, narkotrafik) vasitəsilə də Tehranın imam Xomeyni tərəfindən təsis olunmuş fondlarına maliyyə töhfələrini əsrigəmir.
Müsahibə dərc olunmazdan qabaq Vardanyanın Qarabağdan qaçması haqda xəbər yayılmışdı. Azərbaycan mediası İrəvanın “Qrapark” saytına istinadən məlumat verirdi ki, 2023-cü il fevralın 7-dən etibarən Vardanyan mətbuatda çıxış etmir, onun haqqında heç bir soraq yoxdur. “Həmin gün “dövlət naziri” adlandırılan Vardanyan Rusiya sülhməramlılarının yük maşını ilə Xankəndindən İrəvana gedib, oradan isə vacib görüşlər keçirmək üçün Moskvaya getməli idi.Vardanyan Moskvada ermənilərin Laçın yolunu açmaq çağırışlarına reaksiya verməyən rəsmi Rusiyanın mövqeyini aydınlaşdırmaq niyyətində idi”(Turan). Lakin onun Qarabağdan çıxması təsdiqlənmədiyindən bəzi ekspertlər Vardanyanın “fərar etməsi” haqda məlumatın doğruluğuna şübhə edirdi. Hərçənd Vardanyan və ya başqa biri xəbəri təkzib etmirsə, deməli, o, həqiqətən də Moskvadadır. Azərbaycan tərəfi Vardanyana sülhü pozmaq üçün xüsusi missiya ilə göndərilmiş şəxs adlandırır, onunla danışıqlara getməyəcəyini bildirirdi.Sülh tərəfdarı olan erməni ekspertlər,o cümlədən Levon Ter-Petrosyan iqtidarı vaxtı dövlət müşaviri olmuş Jirair Libaridyan Azərbaycana təklif edirdi ki, Vardanyana əhəmiyyət vermədən Arutyunyanla danışqlar aparsın.

Belə bir müsahibənin ortaya çıxması, daxili işlər naziri kimi təqdim olunması, görünür yalnız Tehranın Azərbaycana mesajı deyil, həm də Rusiyadan istədiyi reaksiyanı ala bilməyən Vardanyanın Moskvaya etiraz formasıdır. “Minillik “hamiləri, “birlikdə türklərə qarşı mübarizə apardıqları” İranla yenidən “NATO və Türkiyəyə qarşı” ittifaqa girəcəkləri, bu zaman indi Türkiyə ilə hesablaşmağa məcbur olan Rusiyanın mövqeyini nəzərə almadan çətiri dəyişə biləcəkləri haqda mesaj verilir.

İndi pərdəarxası diplomatik danışıqlar haqda məlumatların ictimailəşməsindən aydın olur ki, 2016-cı il aprel döyüşlərindən sonra ətraf 7 rayonun qaytarılması üçün İrəvana ciddi təzyiq varmış, amma Tehran dövləti Masis Mailyanla edilmiş müsahibədə, “Qanun” və “Məşreğ” qəzetlərində həmin müsahibənin şərhinə həsr olunmuş “təhlillər”də “dqr”-i gepolitik reallıq adlandırır, işğal olunmuş ərazilərlə 138 km sərhədin özü üçün xüsusi əhəmiyyətini qabardır, sülhün baş tutmaması üçün xunta rejiminə ümid verirmiş.

Üstündən 6 il ötüb, Rusiya “Türkiyə və Azərbaycanla hesablaşmağa, Zəngəzur dəhlizinə, Artsaxla bağlı güzəştə məcburdur”(“Shaqrgh”-dəki müsahibədən sitat) , İran yenə də 6 il əvvəli kimi davranır, bu dəfə Moskvanın açıq dəstək vermək istəmədəyi Vardanyanı- Prezident Əliyevin heç zaman tərəf kimi qəbul etməyəcəyini dediyi şəxsi danışdırır, ermənilərlə birgə hərbi təlim keçirə biləcəkləri, Artsaxı himayə edəcəkləri haqda açıq xəbərdarlıq edilir.

Cəmaləddin Quliyev

Xüsusi olaraq

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki