ABŞ-ın vitse-prezidenti J.D. Vens Ağ Evdə keçirilən brifinqdə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri atəşkəs razılaşmasında nəzərdə tutulan blokadanın aradan qaldırılması çərçivəsində İran limanlarından ondan artıq gəminin keçidinə icazə verib.
Vətəninfo.az xəbər verir ki, “France 24” telekanalının məlumatına görə, Vens qeyd edib ki, əldə olunan razılaşma nəticəsində hazırda Hörmüz boğazından daha çox neft daşınır və çərşənbə axşamı günündən etibarən tranzit həcmi gündəlik 12,5 milyon bareli keçib.
“Beləliklə, biz hərbi sahədə də razılaşmanın ilkin mərhələsi üzrə üzərimizə düşən öhdəlikləri yerinə yetiririk”, – deyə o vurğulayıb.
Vens əlavə edib ki, bəzi tənqidçilər razılaşmanın İran üçün faydalı ola biləcəyini iddia etsələr də, mövcud nəticələr bu razılaşmanın birbaşa təsiridir.
ABŞ-ın vitse-prezidenti həmçinin İranla bağlı danışıqlarda iştirak etmək məqsədilə İsveçrəyə səfər etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, səfərin dəqiq tarixləri hələ müəyyənləşdirilməyib.


























