ABŞ vitse-prezidenti Cey Di Vens İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin ölkəyə qayıtmasına icazə verəcəyini bildirib. Bu barədə o, ABŞ və İran arasında davam edən danışıqlar fonunda jurnalistlərə açıqlamasında danışıb.
Vətəninfo.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların məqsədinin “ədalətli və məntiqli razılaşma” əldə etmək olduğunu vurğulayıb. Tramp həmçinin qeyd edib ki, amerikalı fermerlər İranla bağlı mümkün ərzaq tədarükü razılaşmalarında iştirak edə bilərlər.
İsveçrədən qayıdan ABŞ vitse-prezidenti Cey Di Vens danışıqlarda əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirib. Onun sözlərinə görə, İran nüvə proqramına nəzarət edən MAQATE müfəttişlərinin ölkəyə girişinə icazə verməyə hazırdır. Bununla belə, İran tərəfi hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
“Müfəttişlərin ölkəyə qəbul edilməsi çox ciddi məsələdir. Lakin əsas sual onların ölkədə olarkən hansı fəaliyyətləri həyata keçirə biləcəkləridir. Bu məsələ danışıqların gündəliyində daim yer alacaq”, – deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Prezident Tramp administrasiyaya İranın bəyanatlarından çox, konkret addımlarına diqqət yetirməyi tapşırıb.
“Məsələ kiməsə etibar edib-etməməkdən getmir. Biz onların dediklərinə deyil, atdıqları addımlara əsaslanırıq. Prezident də bizdən məhz bunu tələb edir”, – deyə Vens vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında aparılan danışıqların əsas məqsədi nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılması və regionda sabitliyin təmin olunmasıdır.


























