image-reklam-veteninfo
image-1backend

WSJ: Kreml səfərbərliyə başlayır

image-reklam-veteninfo

Rusiya hakimiyyəti Ukraynadakı müharibəyə cəlb olunacaq şəxslərin sayını artırmaq üçün getdikcə daha sərt üsullara əl atır. Bu barədə The Wall Street Journal (WSJ) qəzeti vəkillərə, hüquq müdafiəçilərinə, şahidlərə və analitiklərə istinadən məlumat yayıb.

Vətəninfo.az xəbər verir ki, nəşrin yazdığına görə, könüllülərin sayının azalması və cəbhədə irəliləyişin zəifləməsi fonunda Kreml çağırış yaşında olan kişilərin hərbi xidmətə cəlb olunması üçün təzyiqi artırır.

Məlumatda bildirilir ki, Rusiyanın bir sıra şəhərlərində hərbi komissarlıqların əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələri kişiləri küçələrdə, iş yerlərinin yaxınlığında və ya sənəd yoxlanışı bəhanəsi ilə saxlayırlar. İddialara görə, saxlanılan şəxslər müqavilə imzalayana qədər təhdid edilir, bəzi hallarda isə fiziki zorakılığa məruz qalırlar.

“Pul kifayət etməyəndə məcburiyyət başlayır”

WSJ qeyd edir ki, Rusiya hökuməti könüllü hərbi xidmətə cəlb olunmaq istəyənlərə yüksək məbləğdə birdəfəlik ödənişlər və digər maliyyə stimulları təklif edir. Lakin ordudakı itkilər və Ukraynanın artan hərbi imkanları səbəbindən bu təşviqlər artıq əvvəlki effekti vermir.

Şahidlərin sözlərinə görə, bəzi hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi komissarlıqlarla birlikdə fəaliyyət göstərərək kişilərə qarşı təzyiq göstərir, onları həbs və ya digər cinayət ittihamları ilə hədələyirlər.

Rusiyalı bloqer Stanislav Morozov bildirib ki, danışdığı şəxslərin bir qismi polis tərəfindən üzərlərinə narkotik vasitə atılacağı və həbs ediləcəkləri ilə hədələndikdən sonra müqavilə imzalamağa məcbur olduqlarını deyiblər.

Bundan əlavə, Rusiyanın bir sıra regionlarında hərbi xidmətə yeni şəxslər cəlb edən vətəndaşlara 100 min rubladək mükafat vəd edildiyi bildirilir. Belə proqramların Tatarıstan, Amur, Yaroslavl vilayətləri, eləcə də Kaluqa, Voronej və Arxangelskdə tətbiq olunduğu qeyd edilir.

Qəzetin məlumatına görə, ABŞ rəsmiləri bu tədbirlərin cəbhədə şəxsi heyətin sayını artırmağa kömək etdiyini, lakin Rusiyanın genişmiqyaslı hərbi uğur əldə etməsi üçün kifayət etmədiyini düşünür.

WSJ yazır ki, Kreml yeni məcburi səfərbərlik dalğasını da nəzərdən keçirir. Nəşrin iddiasına görə, belə bir qərarın Rusiyada sentyabrın 20-də keçirilməsi planlaşdırılan parlament seçkilərindən sonra qəbul edilə biləcəyi ehtimal olunur.

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov bildirib ki, əgər Prezident Vladimir Putin Donbasın tam nəzarətə götürülməsi məqsədindən geri çəkilməzsə, yeni səfərbərlik qaçılmaz ola bilər.

Bununla yanaşı, ekspertlər belə bir qərarın ölkə daxilində ciddi narazılığa səbəb ola biləcəyini də istisna etmirlər.

DeepState analitik layihəsinin məlumatına əsasən, iyul ayında Rusiya ordusu Ukrayna qüvvələrinin geri aldığı ərazilərdən daha çox əraziyə nəzarəti ələ keçirib. Ən gərgin vəziyyətin Rodinsk, Kostyantinivka istiqaməti, Ukrayna-Rusiya sərhədi boyunca, eləcə də Slovyansk və Kramatorsk istiqamətlərində olduğu bildirilir.

Bununla yanaşı, ABŞ-də yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, Rusiya ordusunun iyul ayındakı irəliləyişi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə az olub. İnstitutun qiymətləndirməsinə görə, Rusiyanın yaz-yay hücum kampaniyası gözlənilən əməliyyat nəticələrini verməyib.

Qeyd edək ki, The Wall Street Journal tərəfindən irəli sürülən iddialarla bağlı Rusiya rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki