«Associated Press» agentliyinin məlumatına görə, ABŞ Yaponiya və Hollandiya ilə razılaşma əldə edərək bu iki ölkə ilə birlikdə Çinin yarımkeçiricilərlə bağlı ixracat məhdudiyyətlərini genişləndirməyə çalışacaq. ABŞ, Yaponiya və Hollandiyanın birgə məqsədi Çinə çiplərin istehsalına şərait yaradacaq avadanlıq və məhsulların satışını məhdudlaşdırmaqdır.
ABŞ 2022-ci ilin oktyabrından başlayaraq Çinin süni intellekt və özünü idarə edən avtomobillər, eləcə də yüksək texnologiyalı silahlar kimi texnologiyalar üçün əsas hesab edilən yarımkeçiricilərə çıxışını məhdudlaşdırmaq üçün geniş ixrac məhdudiyyətləri tətbiq edib. Yaponiya və Hollandiya Vaşinqtonun göstərişi ilə eyni addımı atmağa qərar veriblər. Buna baxmayaraq, qadağalara daxil olmayan məhsulların, əsasən orta səviyyəli və yüksək səviyyəli çip istehsalı avadanlıqlarının Çinə daşınması kəskin şəkildə artıb. Bu, Vaşinqtonu təşvişə salaraq, Amerika bu sahədə əsas oyunçu olan iki ölkənin daha sərt tədbirlər görməsini tələb edib.
Mövcud məhdudiyyətlər 10-14 nanometr və ya daha kiçik diapazonda yarımkeçiricilərin ixracının qarşısını almalıdır. Yaponiyanın şirkətləri bu sahədə aparıcı mövqelərə malikdirlər. Ona görə də Vaşinqtonun Tokiodan tələbi budur ki, Yaponiya şirkətləri çip istehsal edən kimyəvi maddələrin Çinə satışına imkan verməsinlər. Bundan sonra Yaponiya şirkətləri ultrabənövşəyi litoqrafiya üçün fotorezisti ixrac etmək üçün hökumətin icazəsini almalıdırlar. Yarımkeçirici istehsalçıları arasında Hollandiyanın ASML şirkəti də var. Vaşinqton Hollandiya hökumətinin də Çinə çipqayırma avadanlığının satılmasını və onlara xidmət göstərilməsini dayandırması istəyib. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Almaniya və Cənubi Koreyanın da Çinə çip istehsalına imkan verən komponentlərin tədarükünü dayandırmağa çağırıb.
Çinin çip istehsalını artırmağa çalışması qonşu Hindistanı da narahat edir. Çünki Vaşinqton kimi Dehli də hesab edir ki, Çin çiplərdən hərbi gücünü artırmaq üçün istifadə edir. Ona görə də ABŞ-ın Yaponiya və Hollandiya ilə birgə Çinə çip istehsalına şərait yaradan məhsulların satışını qadağan etməsi Hindistanın da maraqlarına cavab verir.
Bu arada, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın Yaponiyaya 3 günlük səfəri diqqəti çəkib. Tokiodakı görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişlədirilməsi mövzuları müzakirə olunub. Dehli və Tokio bu əməkdaşlığı “strateji dialoq” kimi qiymətləndirirlər. Hindistanla Yaponiya arasında strateji tərəfdaşlığın məqsədlərindən biri Çinin bölgədə artan hərbi gücünə qarşı ittifaq formalaşdırmaqdır.
“Atlas” Araşdırmalar Mərkəzi