image-reklam-veteninfo
image-1backend

Türkiyə millisi Şimali Makedoniyanı 4 cavabsız qolla məğlub etdi

image-reklam-veteninfo

Türkiyə milli futbol komandası 2026-cı il FIFA Dünya Kubokuna hazırlıq çərçivəsində İstanbulda keçirdiyi yoldaşlıq görüşündə Şimali Makedoniya yığmasını 4:0 hesabı ilə məğlub edib.

Vətəninfo.az xəbər verir ki, qarşılaşmada Türkiyə millisinin qollarını Orkun Kökçü, Can Uzun, Dəniz Gül və Barış Alper Yılmaz vurublar.

Millinin gənc futbolçusu Can Uzun bu oyunda milli komandanın heyətində ilk qolunu vurub. “Ayntraxt Frankfurt”un 20 yaşlı üzvü uzaq məsafədən dəqiq zərbə ilə fərqlənib. O, həmçinin Dəniz Gülün qolunun məhsuldar ötürməsinin müəllifi olub.

“Porto”nun formasını geyinən Dəniz Gül isə milli komandadakı yeddinci oyununda ikinci qolunu vurub. Hücumçu matçın 53-cü dəqiqəsində başla hesabı 3:0-a çatdırıb.

Qarşılaşmada xoşagəlməz hadisə də yaşanıb. Sol cinah müdafiəçisi Eren Elmalı oyunun əvvəlində hava mübarizəsi zamanı baş nahiyəsindən zərbə alıb. Futbolçu bir müddət oyunu davam etdirsə də, sonradan başgicəllənmə hiss etdiyindən əvəzlənib və ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

Oyunun ikinci hissəsində tribunalar Türkiyə millisinin və Madrid təmsilçisi “Real Madrid”in ulduzu Arda Güləri alqışlarla qarşılayıb. Gənc futbolçu azarkeşlərin sevgisinə əl yelləməklə cavab verib.

Matç həm də iki futbolçunun milli komandada debütü ilə yadda qalıb. “Başakşehir”in qapıçısı Məhəmməd Şengezer və Danimarkanın “Midtyulland” klubunun yarımmüdafiəçisi Aral Şimşir ilk dəfə Türkiyə millisinin formasını geyiniblər.

Qarşılaşmada Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yeni qaydalarından biri də tətbiq olunub. Şimali Makedoniya komandasının oyunu ləngitməsindən sonra hakim Türkiyə millisinin lehinə künc zərbəsi təyin edib. Qayda dəyişiklikləri oyunun sürətini artırmaq və vaxt itkisinin qarşısını almaq məqsədi daşıyır.

Türkiyə millisi ilk yoxlama oyununu qələbə ilə başa vurduqdan sonra ABŞ-a yollanacaq. Komanda iyunun 7-dək Florida ştatında təlim-məşq toplanışı keçəcək və hazırlıq prosesinin son günündə Venesuela yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki