“Texnikabank” sabiq rəhbərinin oğlu yenidən həbs edilib.
Vətəninfo.az “qafqazinfo”ya istinadla xəbər verir ki,”Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs olunub.
Məlumata görə, İ.Yusifov bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham edilir.
Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Hər iki şəxs xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə üzləşib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər. Qeyd olunur ki, bu, İslam Yusifovun ikinci eyni tipli ağır cinayətidir və bu, ağırlaşdırıcı hal hesab olunur.
Xatırladaq ki, 2010-cu ildə Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.


























