Ruhun və millətin səsi: Sabir Rüstəmxanlının Ömür Manifesti…
Tarixin elə dönəmləri olur ki, millətin taleyi bir qələmin mürəkkəbində, bir fədainin səsində və bir ürəyin cəsarətində döyünür. O dönəmlərdə söz sadəcə bədii ifadə vasitəsi deyil, sındırılan zəncirlərin, oyanan yaddaşın və azadlıq hayqırtısının özünə çevrilir. Azərbaycanın son yarım əsrlik tarixinə, milli mənlik şüurunun dirçəlişinə və müstəqillik hərəkatına nəzər salanda bu uca missiyanın önündə addımlayan ümman qəlbli bir Yolbay görürük: Xalq şairi Sabir Rüstəmxanlı!
Ömrünün müdriklik və şərəf zirvəsi olan 80-ci pilləsinə qədəm qoyan ustad təkcə şeirləri ilə deyil, bütöv bir xalqın qan yaddaşını oyadan “Ömür kitabı” ilə millətin mənəvi pasportunu yazmış sənətkardır. Onun ömrü Yardımlının uca dağlarından başlayıb bütöv türk dünyasının könül coğrafiyasına uzanan, hər anı vətən eşqi ilə yoğrulmuş bir istiqlal dastanıdır.
Dağlardan başlayan böyük axın: Hamarkənddən Azadlıq Meydanına
Hər bir böyük şəxsiyyətin ruhu doğulduğu torpağın havası, suyu və əzəməti ilə formalaşır. Yardımlının dilbər guşəsi Hamarkənddə dünyaya göz açan Sabir Rüstəmxanlı uşaqlıq illərindən təbiətin safllığını və dağların məğrurluğunu öz canına hopdurdu. Dağlar ona ucalığı, əyilməzliyi və üfüqlərin arxasındakı böyük dünyanı görməyi öyrətdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gələn o gənc oğlan daxilində sönməz bir vulkan daşıyırdı – ana dili və vətən sevgisi vulkanı!
Gənc yaşlarından ədəbi mühitə atılan, “Ədəbiyyat və incəsənət” qəzetində, “Yazıçı” nəşriyyatında çalışan Sabir müəllim sadəcə redaktor və ya şair deyil, sovet rejiminin qatı ideoloji buxovları altında milli ruhu qorumağa çalışan bir keşikçi idi. Onun ilk misralarında belə gizli bir nisgil və böyük bir intizarın rüşeymləri boy verirdi. O, milləti öz kökünə dönməyə, unudulmuş tarixi qəhrəmanları xatırlamağa çağırırdı. Çünki o bilirdi ki, yaddaşını itirən xalqlar saplağından qopmuş yarpaq kimi rüzgarların əsirinə çevrilirlər.
“Ömür Kitabı” – milli oyanışın və qan yaddaşının manifesti
Azərbaycanın milli azadlıq hərəkatının tarixini “Ömür kitabı” olmadan təsəvvür etmək qeyri-mümkündür. 1980-ci illərin sonunda işıq üzü görən bu möhtəşəm əsər, sadəcə bir publisistik kitab deyil, imperiya zülmündən sıxılan, kimliyini axtaran milyonlarla azərbaycanlının qaranlıq gecəsində parlayan bir məşəl oldu. “Ömür Kitabı” bütöv bir nəslin milli kimlik pasportu və azadlıq xəritəsidir!
Mənim aid olduğum generasyon “Ömür kitabı”nın aşıladığı milli dəyərlərlə böyümüşük. O dövrdə bu kitabı tapmaq, oxumaq və ötürmək milli beyət idi. Sabir Rüstəmxanlı bu əsəri ilə sanki xalqın damarlarındakı donmuş qanı hərəkətə gətirdi, ona “Sən kimsən? Haradan gəlib hara gedirsən?” sualını unudulmaz bədii-fəlsəfi dillə pıçıldadı.
“Ömür kitabı” əldən-ələ gəzdi, evlərin ən müqəddəs guşəsinə qoyuldu. Kitabda əks olunan tarixi həqiqətlər, ulu babaların qəhrəmanlıq irsi və şimalı-cənublu Azərbaycan həsrəti gənclərin qəlbində böyük bir tufan qopardı. Şair fəryad edirdi; şair xəbərdarlıq edirdi, şair qan yaddaşını təzələyirdi. Məhz bu kitabın yaratdığı mənəvi dalğa 1988-ci ildə Bakının Azadlıq meydanını dolduran yüz minlərlə insanın daxili inamına çevrildi.
“Ömür Kitabı” milli yaddaşın bərpası və cəsarət məktəbi idi! O, tarixi həqiqətləri ortaya qoydu; Sovet senzurasının qadağan etdiyi, gizlətdiyi milli tarixi, repressiya olunmuş həqiqətləri gəncliyə ilk dəfə bu kitab çatdırdı.
“Ömür Kitabı” insanların qorxu səddini aşması üçün kəsərli bir silah oldu; kitab oxucuda imperiya qorxusunu sındırdı, milli qürur və cəsarət hissini formalaşdırdı.
“Ömür Kitabı” Meydan Hərəkatının ideoloji silahı və tribunalardan səslənən şüarların mənəvi bünövrəsini təşkil edirdi.
“Ömür Kitabı” bütövlük ideyasını, Cənubi və Şimali Azərbaycan dərdini, bütöv vətən rəmzini gəncliyin beyninə və qəlbinə həkk etdi!
“Ömür Kitabı” həm də Ana dilinin müqəddəs sevgi qaynağıydı. Sabir bəy bu əsərlə gəncliyə ana dilinin toxunulmazlığını və onun bir millətin varlığındakı ali rolunu aşıladı.
İki sahilin “Sınıq körpüsü”: Cənub nisgili və Arazın sızısı
Sabir Rüstəmxanlı yaradıcılığının ən dərin, ən göynəkli və qanayan qatı Cənubi Azərbaycan həsrətidir. Onun daxilindəki sızını, Arazın o tayından bu tayına əsən həsrət yellərini duymadan onun şair qəlbini tam anlamaq mümkün deyil. Araz onun üçün sadəcə bir çay, iki dövlət arasında çəkilmiş coğrafi xətt deyil; Araz – canı ortadan bölən, qardaşı qardaşdan, ananı baladan ayıran mənəvi bir qılıncdır!
Şairin qəlbi Təbrizin dar küçələrində, Savalanın qarlı zirvələrində, Şəhriyarın süzgün baxışlarında döyünürdü. O, “İnqilabdan dönən deyil” lirik poemasında və Cənub mövzusuna həsr etdiyi hər sətirdə sanki qələmini mürəkkəbə deyil, qəlbinin qanına batırıb yazırdı:
“Gecənin qaranlığı yığacaq qanadını,
Azadlıq hökm edəcək əsarətin yerinə.
Onda Vətən adını, Azərbaycan adını,
Sevgiylə yazacağıq Günəşin üzərinə…”
Onun üçün Cənub – heç vaxt sönməyən bir ocaq, hər saniyə sızıldayan bir yara idi. Sabir bəy o taydakı qardaşlarının ana dilində oxumaq, yazmaq hüququndan məhrum edilməsini öz varlığına qarşı ən böyük təhqir sayırdı. O, hər misrasında xalqı qəflət yuxusundan oyanmağa, sərhəd tellərini mənəviyyatda qırmağa səsləyirdi. Onun poeziyası Arazın üstündən atılan və heç bir imperiyanın, heç bir rejim dəmirlərinin dağıda bilmədiyi sarsılmaz bir SÖZ KÖRPÜSÜ idi. Bu gün də AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasına rəhbərlik edərək o qırılmaz mənəvi telləri yaşatmağa davam edir.
Bütövlük ideologiyası: “Ömür Kitabı”ndan başlayan Böyük Turan
Sabir Rüstəmxanlı sadəcə ayrılığın şairi deyil; o, Bütövlüyün və Vahidliyin filosofudur. Onun 1980-ci illərin sonunda tufan kimi qopan “Ömür kitabı” əsəri parçalanmış bir millətin mənəvi bütövləşmə rəmzinə çevrildi. O, bu əsərlə hər bir azərbaycanlının beyninə, ürəyinə sığmayan coğrafi hüdudları mənən birləşdirdi. Şimalın soyuq mühiti ilə Cənubun isti, qaynayan dalğasını bir ocaqda əritdi.
Onun üçün bütövlük ideologiyası təkcə coğrafi torpaqların birləşməsi deyil, ilk növbədə ruhların, idealların və amalların bütövləşməsidir. Sabir bəy gənclərə aşıladı ki, Təbrizsiz Bakı yarımçıqdır, Gəncəsiz Ərdəbil yetimdir. Onun baxışlarında Azərbaycan bütöv bir bədəndir; onun bir tərəfi ağrıyanda, digər tərəfi yata bilməz. Məhz bu “Bütöv Azərbaycan” andı Azadlıq meydanında yüz minlərlə gəncin dilində imperiyaya qarşı çevrilən ən böyük silaha çevrildi. Onun bədii-estetik dili elə bir səviyyədədir ki, oxucu sətirlər arasında gəzərkən Xudafərin körpüsünün daşlarındakı qədim ahı eşidir, millətin ortadan bölünmüş taleyinin ağrısını öz canında hiss edir.
Meydanların söz və əməl Yolbayı: İstiqlalın ön səfində
Sabir Rüstəmxanlı xalqın taleyüklü anlarında kabinetlərdə gizlənən, sadəcə uzaqdan tamaşa edən bir ziyalı olmadı. O, sözü ilə əməli bütöv olan, dediyi şeirin ortasında yaşayan nadir şəxsiyyətlərdəndir. 1988-ci ildə Topxana meşəsinin qırılması ilə başlayan milli etiraz dalğasında Azadlıq meydanının tribunasına qalxan, imperiya tanklarının, əsgərlərinin qarşısında xalqa müraciət edən o gurlu səs Sabir Rüstəmxanlının səsi idi.
Onun tribuna nitqləri şeir qədər axıcı, qılınc qədər kəsərli idi. Meydandakı milyonları coşduran, onlara qorxunu unutduran, milli birliyin ali rəmzinə çevrilən bu yolbaylıq missiyası Azərbaycanın müstəqillik bəyannaməsinin imzalanmasına qədər şərəfli bir yol keçdi. Müstəqilliyin ilk çətin illərində dövlət xadimi, nazir və millət vəkili kimi xidmət edərkən də o, həmişə dövlətin və millətin mənafeyini hər şeydən uca tutdu.
Gəncliyə örnək: Cəsarətin, Ləyaqətin və Mübarizənin ünvanı
Bu gün Sabir Rüstəmxanlının 80 illik ömür zirvəsindən gəncliyə baxarkən görürük ki, onun keçdiyi yol hər bir gənc üçün əsl mənəviyyat və mübarizə məktəbidir. Müasir gənclik vətənpərvərliyin, torpaq sevgisinin, milli heysiyyətin nə olduğunu onun “Cavad xan” poemasından, “Xətai yurdu” romanından, “Sağ ol, ana dilim” harayından öyrənir. O, gənclərə milləti sevməyin üsulunu nümayiş etdirdi: şanssız və çətin anlarda belə geri çəkilməmək, əyilməmək, sarsılmamaq!
Sabir müəllim gənclərə sadəcə keçmişi sevdirmədi, həm də gələcəyi qurmağın yollarını göstərdi. Gənclər onun timsalında ziyalının cəsarətini gördülər. O ziyalını ki, millətin dərdi gələndə öz rahatlığını qurban verir, millətin sevinci gələndə isə ən arxa sırada təvazökarlıqla dayanır.
Bütöv Türk Dünyasının Yolbayı: Sərhədləri aşan Könül körpüsü
Sabir Rüstəmxanlının fəaliyyəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. O, bütöv türk dünyasının, Turan coğrafiyasının böyük sevdalısı və carçısıdır. Onun “Sərhəd çəkilməklə millət ayrılmaz” fəlsəfəsi, Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyindəki fəaliyyəti, Türkiyədən Türkistana qədər uzanan könül bağları onu ümumtürk kontekstində bir ideoloqa çevirib.
Təsadüfi deyil ki, ustadın 80 illik yubiley tədbirlərinə məhz qardaş Türkiyədən, Ankaradan, TÜRKSOY-un möhtəşəm salonlarından start verilmişdir. Ankarada “8 Kasım Qarabağ Şəhidləri Xatirə Ormanı”nda şairin adına 80 fidanın əkilməsi, onun ömrünün həm də şəhidlərimizin ruhu ilə bağdaşan yaşıl çinara çevrildiyinin simvolik sübutudur. O, Anadolunun, Kərkükün, Təbrizin, Krımın, Türkistanın dərdini öz dərdi bilən və bu birliyi poeziyanın ali dili ilə vəsf edən çağdaş Dədə Qorquddur.
Qəlbləri coşduran misralar: Şairin söz ölməzliyi
Sabir Rüstəmxanlı poeziyası ürəklərə toxunan, insanı silkələyən və ayağa qaldıran enerjiyə malikdir. Onun şeirlərində vətən sadəcə coğrafi ərazi deyil, canlı, nəfəs alan, ağrıyan və sevinən bir varlıqdır. Onun misraları oxunarkən sanki Qarabağ dağlarının mehini hiss edir, Xəzərin dalğalarının səsini eşidir, Yardımlı yollarının dumanına bürünürsən…
“Taxıl bir sapın üstə dən tutub sünbül olur,
Ləçəklər bir-birinə sarılaraq gül olur.
Bulaqlar bir məcrada qovuşanda sel olur…
İnsanlar bir qədəri paylaşanda el olur!”
Onun ana dilinə həsr etdiyi poetik incilər hər bir azərbaycanlının dilinin əzbəridir. O, dilimizi qorumağı namusu, qeyrəti və varlığı qorumaqla eyniləşdirib. Şairin poeziyasındakı ritm lirik duyğusallıqla epik əzəmətin vəhdətidir. Bu vəhdət oxucunun qəlbində həm bir kövrəklik, həm də sarsılmaz bir qürur hissi yaradır.
Son söz əvəzi: 80 illik Ömür Zirvəsinin işığı
80 yaş sadəcə təqvim rəqəmi deyil; bu, millətə, torpağa, cənublu-şimallı bütöv Azərbaycana və müqəddəs sözə verilən bütöv bir hesabatın, şərəflə keçilmiş bir yolun zirvəsidir.
Sabir Rüstəmxanlı bu gün o zirvədə alnıaçıq, üzüağ dayanır. Çünki onun canından əziz bildiyi Azərbaycanın bir yarısı bu gün müstəqildir, bütövdür və rəhbərlik etdiyi ideallar Qarabağda, Şuşada, Xankəndidə zəfər bayrağı kimi dalğalanır. İndi növbə ruhən heç vaxt ayrılmadığı, hər an bütövlüyünə inandığı o taylı Vətənindir!
Ustadın əkdiyi milli ruh və bütövlük toxumları bu gün qəhrəmanlarımızın rəşadətində, gənclərimizin intellektində bəhrə verir. Sabir Rüstəmxanlı bütöv Azərbaycana və türk dünyasına xidmət edən ömrü ilə özünə qəlblərdə elə bir abidə ucaldıb ki, o abidənin qarşısında zaman belə acizdir.
Sabir Rüstəmxanlı milli oyanışın mənəvi atalarındandır; Sabir Rüstəmxanlı bütöv bir nəslin qəlbində sönməkdə olan milli qürur atəşini yenidən alovlandıran ustad yolbaylardandır.
Sabir Rüstəmxanlı Meydanın və Azadlığın səsidir; o, sadəcə bir şair yox, həm də müstəqillik hərəkatında millətin önündə gedən, imperiya qorxusunu sındıran istiqlal mücahididir!
Sabir Rüstəmxanlı Zaman adlı sərt mexanizmin iti və kəskin dişləri arasında sınmayan söz adamı, Böyük Ustad, siyasi tufanlarda, tarixin sərt dönəmlərində əyilməyən, hər zaman millətin dövlətçilik və azadlıq maraqlarını uca tutan sarsılmaz xarakterdir!
Sabir Rüstəmxanlı gəncliyin sönməz mayakıdır! Bu müqəddəs ömür yolu, azad Azərbaycanın gələcək nəsilləri üçün vətənpərvərliyin, cəsarətin və milli ləyaqətin ən parlaq örnəyidir.
Sabir Rüstəmxanlı TARİX yazan SÖZ adamıdır. O, Azərbaycan ədəbiyyatına və müstəqilliyinə verdiyi töhfələrlə sadəcə yaşlanmadı; xalqının qəlbində və “Şərəf” ordenli ucalıqda əbədiləşdi.
80 illik yubileyin qutlu olsun, BÖYÜK USTAD, istiqlalımızın uca fədaisi, iki sahilin sönməz ümid məşəli, mənəviyyatımızın əbədi Yolbayı və mənim əbədi və köhnə dostum! Sən və sənin kimi yolbaylarımızın yandırdığınız azadlıq, həsrət və bütövlük atəşi gələcək nəsillərin yolunu hələ çox əsrlər boyu işıqlandıracaqdır!
TANRI SƏNİ QORUSUN, MƏNİM KÖHNƏ VƏ ƏBƏDİ DOSTUM, SABİR RÜSTƏMXANLI!


























