Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskovski Komsomolets” qəzetinə müsahibəsində bildirib ki, Moskva Ermənistanda keçirilmiş parlament seçkilərinə münasibətdə prinsipial mövqe sərgiləməli, eyni zamanda ölkənin hazırkı hakimiyyəti ilə praktiki əməkdaşlığı davam etdirməlidir.
Vətəninfo.az xəbər verir ki, Zatulinin sözlərinə görə, Rusiya tərəfi seçkiləri tam demokratik və beynəlxalq standartlara uyğun hesab etmir. O qeyd edib ki, seçki prosesində siyasi rəqabət üçün bərabər şərait təmin olunmayıb və müxalif qüvvələrə qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə edilib.
Rusiyalı deputat vurğulayıb ki, bu cür halların həm seçkiqabağı mərhələdə, həm də səsvermədən sonra müşahidə olunduğunu düşünür.
“Biz bu seçkiləri demokratik və ümumi qəbul edilmiş beynəlxalq standartlara cavab verən proses kimi qiymətləndirə bilmərik. Çünki bərabər seçki mübarizəsi üçün lazımi şərait yaradılmayıb”, – deyə Zatulin bildirib.
O, həmçinin səsvermə zamanı qeydə alınan bəzi qanun pozuntularının və ayrı-ayrı seçki məntəqələrində qəbul edilən mübahisəli qərarların yekun nəticələrə təsir göstərə biləcəyini iddia edib.
Bununla yanaşı, Zatulin siyasi fikir ayrılıqlarına baxmayaraq, Ermənistanla əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Biz hesab edirik ki, bu seçkilərin nəticələri tam obyektiv və ədalətli deyil. Lakin Ermənistan bizim müttəfiqimizdir və ölkələrimiz arasında ənənəvi əlaqələr mövcuddur. Buna görə də, hazırda hakimiyyətdə olan qüvvələrlə işləməyə davam edəcəyik”, – deyə o qeyd edib.
Deputat əlavə edib ki, Moskva bir tərəfdən Ermənistanın mövcud hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcək, digər tərəfdən isə seçkilərin nəticələrinə dair siyasi mövqeyini qoruyub saxlayacaq.
Zatulin müsahibəsində iki ölkə arasında iqtisadi və inteqrasiya əlaqələrinin perspektivlərinə də toxunub. O bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atacağı addımlar gələcək əməkdaşlıq formatlarına təsir göstərə və bəzi şərtlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Enerji sahəsində əməkdaşlıq barədə danışan rusiyalı siyasətçi qeyd edib ki, bu məsələlər Ermənistanın strateji seçimlərindən və ikitərəfli münasibətlərin gələcək xarakterindən asılı olacaq.
O, həmçinin hərbi-siyasi əməkdaşlıq və Rusiyanın regiondakı hərbi mövcudluğu mövzusuna da münasibət bildirib. Zatulinin sözlərinə görə, Moskva bu istiqamətdə təşəbbüskar addımlar atmaq niyyətində deyil, lakin Ermənistan tərəfindən atılacaq mümkün addımlara uyğun şəkildə reaksiya verəcək.
Sonda deputat Moskva ilə İrəvan arasında siyasi təmasların səviyyəsinin azaldıla biləcəyini və qarşılıqlı səfərlərin intensivliyinin daha təmkinli formada davam etdirilməsinin mümkün olduğunu bildirib.


























