image-reklam-veteninfo
image-1backend

Zelenski: Ukrayna faktiki olaraq NATO-nun ikinci ordusudur

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri dünyanın aparıcı orduları sırasında yer alır və faktiki olaraq NATO-nun ikinci ordusu kimi fəaliyyət göstərir.

Vətəninfo.az xəbər verir ki, Zelenski jurnalistlərə göndərdiyi səsli açıqlamada qeyd edib ki, bu reallıq artıq bir çox beynəlxalq lider tərəfindən qəbul edilir.

“Bu gün Ukrayna faktiki olaraq NATO-nun ikinci ordusudur. Ordumuz dünyanın ikinci ən güclü ordusu hesab edilən Rusiya Silahlı Qüvvələri ilə mübarizə aparır və geri qalmır. Buna görə də biz NATO-ya de-yure üzvlüyə ehtiyac duyuruq. Bu, bir çox lider tərəfindən qəbul edilən faktdır”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, “Ramşteyn” formatında keçirilən son görüşdə ölkəsinə əlavə hərbi yardım vəd olunub. Onun sözlərinə görə, doqquz ölkə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün maliyyə dəstəyini təsdiqləyib.

“Patriot” zenit-raket sistemləri üçün ayrılan raketlərin ümumi dəyəri 1 milyard ABŞ dollarını ötür”, – deyə dövlət başçısı qeyd edib.

Zelenski həmçinin əlavə F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı razılıq əldə olunduğunu və pilot hazırlığının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sülhə maraqlı deyil və müharibəni davam etdirmək niyyətindədir.

“Putinin sülh istədiyinə dair iddialar həqiqəti əks etdirmir. Avropadakı tərəfdaşlarımız bunu aydın şəkildə görür və anlayırlar. Bununla belə, hamı əmindir ki, birgə səylərlə onu dayandırmaq mümkündür”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna danışıqlara hazırdır, lakin Avropa ölkələri bu prosesdə daha fəal iştirak etməli, sanksiyalar, maliyyə dəstəyi və digər məsələlərdə vahid mövqe nümayiş etdirməlidirlər.

Zelenskinin fikrincə, Putin üçün əsas təhlükə müharibənin qələbə olmadan başa çatmasıdır.

“Putin öz ordusunun evə qayıtmasından və müharibənin nəticəsiz bitməsindən qorxur. O anlayır ki, bu müharibədə qələbə əldə etmək mümkün deyil. Məhz buna görə də etibarlı təhlükəsizlik zəmanətləri olmadan əldə ediləcək atəşkəs uzunmüddətli olmayacaq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski çıxışında vətəndaşları hava həyəcanı siqnallarına ciddi yanaşmağa çağırıb.

“Rusiya raket və pilotsuz uçuş aparatları ilə hücumlarını artıra bilər. Xahiş edirəm, təhlükəsizlik qaydalarına əməl edin və sığınacaqlardan istifadə edin”, – deyə o bildirib.

Prezident əlavə edib ki, Rusiyanın həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan zəifləməsi davam edir və Ukrayna tərəfdaşları ilə birlikdə bu prosesin sürətlənəcəyinə inanır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki