image-memmedova-mehriban-nerimanov-rayonunun-feal-gencibackend

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat

image-reklam_sirab_01

Artıq  ötən ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın  birinci ildönümüdür. Bəs bu bəyanat hansı cəhətləri ilə qiymətlidir? Birincisi, 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ikincisi, həmin Bəyanat uzun illər davam edən işğala son qoydu. Üçüncüsü, Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Dördüncüsü, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Bu Bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsidir. təntənəsidir. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib,  və uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir.

10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir.

Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur.

Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz  hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Məhz buna görə də, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.

Adı çəkilən Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir.  Bu isə Türkiyənin rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaqdır.

10 noyabr Bəyanatı Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutur. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaqdır.

Üçtərəfli Bəyanatda göstərilən bəndlərin icrası məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəyi deməkdir. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.

Bizin Zəfərimiz həm də Ermənistanın “Böyük Ermənistan” planının fiaskoya uğratdı. Belə ki, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi və “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.

Bu Zəfər iki yüz ildir davam edən məğlub xalq sindromunu sındırdı və xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız qazanılmış Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza xüsusi sevgi və hörmət bəsləyir.

 

Məmmədova Mehriban- Nərimanov Rayonunun fəal gənci

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki