image-arzu-memmedlibackend

9 noyabr bayraq günü

image-reklam_sirab_01

Bayrağımız dövlət simvolu olmaqla yanaşı, milli kimliyimizin, xalqımızın azadlığı, suverenliyi, istiqlalı uğrunda apardığı mübarizənin real ifadəsidir. Bayrağımız bizim milli birliyimizin rəmzidir. Bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, birliyimizin ifadəsi, hörmət və ehtiramın ünvanıdır.

Başımızın üstündə dalğalanan, milli suverenliyimizin simvolu üçrəngli, ay-ulduzlu bayrağımız müsəlman Şərqində və türk dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildi və qaldırıldı. Üçrəngli bayrağın yaradılması haqqında Məhəmməd Əmin Rəsulzadə və onun başçılıq etdiyi Azərbaycan Milli Şurası təklifi qəbul etdi. Parlamentin yığıncağında Rəsulzadə bayrağımızın məramını türk milli mədəniyyətinin, islam sivilizasiyasının və müasir Avropa demokratiyasının əsaslarının simvolu olduğunu bildirir. Bu baxımdan əzəmətli üçrəngli, aypara ulduzlu bayraq yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk millətinin dəyəridir. Bütün türklər üçün dəyərlidir. Üçrəngli bayrağımızın ideya müəllifi “Türk hissiyatlı, islam etiqadlı” Əli bəy Hüseynzadə olsa da, Azərbaycan dövlətinin bayrağı kimi ucaldan Məhəmməd Əmin Rəsulzadə, əbədiləşdirən ümummilli lider Heydər Əliyev olub.

Mütləq 3 əsasa sarılmalıyıq: Türkləşmək, Müasirləşmək, İslamlaşmaq. Bayrağımızdakı ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Osmanlı imperatorluğunun bayrağından hazır şəkildə keçmişdir ki, bu da türk xalqlarının qədim simvollarından biridir.

23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti Rusiya imperiyası tərəfindən işğal olundu. Bakıda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan özünün dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, dövlətçilik ideyaları fikirlərdə, düşüncələrdə yaşadıldı. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranışını qeyd edən Cahid Bilaloğlu Bakıda Qız qalasının başına cümhuriyyət bayrağını sancmışdı. Bu, xalqımızın üçrəngli bayrağına olan sevginin tükənmədiyini göstərən dəyərli faktdır.

Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada öz əksini tapdı.

Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbyacan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk edərək qiymətləndirsin.

Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ideallara bağlılığı böyük qürur hissi doğurur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi ölkə başçısının dövlətçiliyə sədaqətinin, yüksək ehtiramının ifadəsidir. 2010 cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağının təntənəli açılışı olmuşdur.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı.

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Prezident İlham Əliyevin bu sözləri Azərbaycan bayrağına olan sevginin, ehtiramın ən gözəl ifadəsidir!

Ali Baş Komandanın hər çıxışında, xalqa müraciətində əminliklə səsləndirdiyi işğal olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq fikri bu gün öz təsdiqini tapır. Azərbaycan əsgəri şanlı bayrağımızı ucaldaraq xalqımızın işğal faktına daha 30 il dözməyəcəyini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, həmsədr dövlətlərə bəyan etdi.

Müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımız artıq müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə əzəmətlə dalğalanır. Qarabağımızın hər bir qarışında, kəndində, yüksəkliyində bayrağımız dalğalanır. Bu səhnələri izləmək hər bir azərbaycanlı üçün elə bir qürurdur ki, onu ifadə etməyə kəlmələr yetməz. Azərbaycan bayrağı həmdə torpağı və müstəqilliyi uğrunda canlarını fəda edən Şəhidlərimizin qəhrəmanlığını, əzmkar mübarizəsini və əziz xatirələrini ifadə edir.

Xalqımıza, dünya azərbaycanlılarına yaşatdıqları 30 illik Qarabağ həsrətinə son qoyulması, zəfər, sevinc, qürur, fəxarət hissləri üçün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Zəfərin mübarək Azərbaycan! Bir kərə yüksələn bayraq bir daha enməz!

 

Suraxanı rayonunun fəal gənci Arzu Məmmədli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki