“Tarix-mədəniyyət abidələrinə müdaxilə halları daha çox dağlıq və meşəlik ərazilərdə baş verir”.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin vətəndaşlara müraciətində qeyd olunub.
“Dövlət Xidməti zaman-zaman müxtəlif ərazilərdə yerləşən tarixi abidələrə müdaxilə hallarının qeydə alındığını diqqətə çatdırıb: “Belə faktlar müəyyən edilərək qarşısı alınsa da, bəzi hallar da həmin abidələrin bərpası işini tamamilə əngəlləmiş olur. Tarix-mədəniyyət abidələrinə müdaxilə halları daha çox dağlıq və meşəlik ərazilərdə, həmçinin sosial-iqtisadi fəaliyyətin gur olan yerlərində də baş verir”.
Bildirilib ki, tarix-mədəniyyət abidələrinə müdaxilə qanunvericiliklə müvafiq hüquqi məsuliyyət yaradır.
“Bir daha vətəndaşlardan xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinə həssas yanaşmaqla milli kimliyimizi özündə yaşadan abidələrin gələcək nəsillərə ötürülməsinə yardımçı olmalarını, eləcə də tarix-mədəniyyət abidələrinə müdaxilə faktları ilə bağlı Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur” – məlumatda deyilir.