Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Vətəninfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan “MAN” markalı yanacaqdaşıyan avtomobil ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərlə ərazidə mümkün yanğın-partlayış təhlükəsi aradan qaldırılıb.