Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə keçirilən yubiley tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, yubilyarın yaxınları və sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirində giriş sözü ilə çıxış edən Seymur Orucov qeyd edib ki, şeirlərini əsasən vətənpərvərlik ruhunda qələmə alan Nəriman Mehdixanlının ağstafalıların, ümumiyyətlə şeir, sənət sevərlərin qəlbində xüsusi yeri var. Onun şeirləri oxucular, gənclər və gələcək nəsillər tərəfindən hər zaman sevilir və seviləcəkdir. Ölkəmizin hər yerində olduğu kimi, Ağstafada da şair və yazıçılara həsr olunan bu cür tədbirlərin təşkili dövlətimizin mədəniyyətə, incəsənətə, eləcə də bu sahənin nümayəndələrinə hər zaman göstərdiyi xüsusi diqqət və qayğını təcəssüm etdirir.
Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair, əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçirilən yubiley axşamında Ağstafa Rayon Ağsaqqalar Şurasının sədri Sənan Mustafayev, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Rəfail İncəyurd, şəhid atası Yaqub İsmayılov, ictimaiyyət nümayəndəsi Sahib Salıfov Nəriman Mehdixanlının həyat və yaradıcılığından geniş bəhs ediblər. Qeyd olunub ki, 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan sənət adamının “Ürəklərdə iz salam”, “Bənövşə ömrü yaşayırıq”, “Ana təbiətdir ilham mənbəyim”, “Ellər, sözüm əmanət” kimi bir çox şeir kitabları işıq üzü görmüşdür.
Şairlər, Arif Musazadə, Rüfət Axundlu, Vaqif Əli, Mustafa Rasimoğlu, Firdovsi Heydərli, Telman Qəhrəmanlı yubilyarın yaradıcılığıından seçmə parçalar səsləndirib, aşıq Radə, aşıq Ruslan Qasımov isə sözlərinə həsr olunmuş saz havalarını ifa ediblər.
Öz növbəsində Nəriman Mehdixanlı ölkəmizdə mədəniyyət, incəsənət və sənət adamlarına göstərilən bu cür yüksək diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərinn minnətdarlığını bildirib.
RİH başçısı yubilyarı Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib, onunla xatirə şəkilləri çəkdirilib.



























