image-36jpg-1673874266backend

AHİK Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə şəhərdə apardığı abadlıq-quruculuq işlərinə dəstək olaraq avtomobil bağışlayıb 

image-reklam_sirab_01

2021-ci il iyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə yerləşən abidələrin bərpasını, qorunmasını, öyrənilməsini, istifadəsini təmin edir. Otuz il düşmən tapdağı altında qalan mədəniyyətimizin beşiyi qədim Şuşada tarixi-mədəniyyət abidələrimiz talan edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı, Qarabağ Dövlət Tarix Muzeyi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası və onlarla digər tarixi abidə və məscidlərimiz talan edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Hazırda işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda abadlıq-quruculuq işləri sistemli və sürətli şəkildə həyata keçirilir. Bu və digər istiqamətlərdə görülən işlərə Azərbaycan həmkarlar ittifaqları hər cür dəstəyi verir. Qeyd edək ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna və cəbhə bölgəsinə 2 milyon 329 min 704 manat, “YAŞAT” Fonduna 669 min 876 manat, Qarabağ Dirçəliş Fonduna 1 milyon 218 min 200 manat vəsait xərclənib.

Məlumdur ki, Şuşa şəhərində yenidənqurma və bərpa işlərində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi fəal iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi şəhərdə görülən işlərə dəstək məqsədilə “Mitsubishi” L200 markalı, 56 000 manat dəyərində avtomobilini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin balansına verib. Azərbaycan həmkarlar ittifaqları bundan sonra da işğaldan azad olunmuş ərazilərimizin tam bərpası və sakinlərin öz ata-baba yurduna tezliklə qayıtması üçün hər cür dəstəyi verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki