Ukraynalı futbolçu Aleksandr Zinçenko İngiltərə Premyer Liqasının başqa klubuna keçib.
Vətəninfo.az xəbər verir ki, 28 yaşlı futbolçu “Arsenal”dan ayrılaraq 2025/26 mövsümünün sonuna qədər icarə əsasında “Nottingham Forest” klubuna transfer olunub. Eyni zamanda, onun “Arsenal”la müqaviləsi bitdiyi üçün mövsüm sonunda azad agent statusu alacağı bildirilir.
Zinçenko azarkeşlərə ünvanladığı mesajda deyib:
“Salam, uşaqlar! Nottingham Forest-ə qoşulduğum üçün çox həyəcanlıyam. Yeni mövsümü səbirsizliklə gözləyirəm və hamınızı orada görmək istəyirəm. Gedək, Forest!”
“Arsenal” klubu Zinçenkonun Londondakı fəaliyyətindən danışaraq onun karyerasının əsas məqamlarını vurğulayıb. Futbolçu 2022-ci ilin iyulunda “Mançester Siti”dən “Arsenal”a keçib və bütün yarışlarda 91 oyun keçirib.
Zinçenko 19 yaşında Ukrayna millisinin ən gənc bombardiri, 24 yaşında isə ən gənc kapitanı olub. O, üç Avropa çempionatında çıxış edib, 74 oyun keçirərək 12 qol vurub və 7 məhsuldar ötürmə edib. 2019-cu ildə isə Ukraynada “İlin futbolçusu” seçilib.
İndi Aleksandr Premyer Liqada 10-cu pillədə qərarlaşan “Nottingham Forest”də oynayacaq. Klub cari mövsümdə 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə çıxış edir. Ötən mövsümü 7-ci pillədə tamamlayan “Forest” Avropa Liqasının əsas mərhələsində çempionluq uğrunda mübarizə aparacaq.