Rusiya mətbuatında- xüsusilə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “EADaily” agentliyində səsləndirilən Xəzər dənizindəki gərginlik və Azərbaycanın guya bu prosesə cəlb olunması ilə bağlı iddialar siyasi reallıqdan tamamilə uzaqdır.
Mövzu ilə bağlı Vətəninfo.az-a açıqlama verən tanınmış siyasi ekspert Arzuman Muradlı bildirib ki, Mixail Oşerov kimi şərhlərin və anti-Azərbaycan dairələrin bu cür sərsəm ssenarilər üzərindən əsassız ittihamlar irəli sürməsi təsadüfi deyil: “EADaily və bu kimi ermənipərəst, anti-Azərbaycan mənbələrin yaydığı məlumatlar heç bir fakta, rəsmi sənədə və ya hüquqi əsasa söykənmir. Bu, tamamilə uydurma geosiyasi manipulyasiya və informasiya təxribatıdır. Məqsəd Azərbaycanın bölgədəki nüfuzunu kölgələmək, ölkəmizi həssas proseslərin içinə çəkmək və beynəlxalq müstəvidə süni gərginlik yaratmaqdır.” Ekspert qeyd edib ki, Azərbaycan hər zaman müstəqil xarici siyasət yürüdür, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Azərbaycan heç bir üçüncü tərəfin öz ərazisindən hər hansı digər dövlətə qarşı istifadəsinə imkan yaratmır və yarada da bilməz. Ölkəmizin təhlükəsizlik strategiyası qonşu dövlətlərlə qarşılıqlı etimad və beynəlxalq hüquq normalarına hörmət prinsipinə əsaslanır. Arzuman Muradlı qeyd edib ki, Mixail Oşerovun bu manipulyasiyası Rusiya lideri ilə Azərbaycan Prezidentinin telefon danışığını tamamilə fərz olunan, sübutsuz iddialarla birləşdirməsi yalnız qərəzli təbliğatın məhsulu ola bilər. Oşerovun yazdığı guya “İsrail-Ukrayna-Azərbaycan xətti” tamamilə xülyadır və reallıqla heç bir əlaqəsi yoxdur: « Bu cür dezinformasiyalarla mübarizə aparmaq üçün ictimaiyyət və media qurumları yalnız rəsmi Bakının mövqeyinə və təsdiqlənmiş mənbələrə istinad etməlidirlər. Azərbaycanın qətiyyətli və müstəqil siyasəti fonunda bu cür ucuz təxribatlar heç bir nəticə verməyəcək və ölkəmizin beynəlxalq imicinə xələl gətirə bilməz”.
Vətəninfo.az


























