Ukraynanın Rusiyaya qarşı son hərbi əməliyyatları və regional proseslərin dinamikası göstərir ki, Rusiya hazırda ciddi bir enerji və iqtisadi böhranla üz-üzədir. Ukraynanın Rusiya neft emalı infrastrukturuna endirdiyi zərbələr artıq təkcə hərbi deyil, həm də daxili sosial-iqtisadi nəticələrini ortaya qoymaqdadır.
Siyasi şərhçi Arzuman Muradlı Vətəninfo.az-a açıqlamasında bildirib ki,hazırkı mənzərə Kremlin Ukraynadakı müharibənin əsl ağır yükünü hiss etməyə başladığını sübut edir: “Reuters-in məlumatına görə, benzin istehsalının 25% azalması və ixracın 15% geriləməsi, Rusiya iqtisadiyyatının damarlarının kəsilməsi deməkdir. Bu, sadəcə rəqəmlər deyil, Rusiyanın müharibəni davam etdirmək üçün lazım olan resurslarının sürətlə tükəndiyinin göstəricisidir.
Lavrovun atəşkəslə bağlı çağırışları isə vəziyyətin nə qədər çıxılmaz olduğunun etirafıdır. Müharibəni başladan tərəf məğlubiyyəti qəbul etmək əvəzinə, hələ də illüziyalarla yaşayır və öz cəmiyyətini total yalan içində saxlamağa çalışır. Lakin reallıq budur ki, Rusiya hərbi maşını Ukraynanın uğurlu zərbələri qarşısında aciz qalıb.
Əsas sual budur: Putin daha nə qədər öz ölkəsini bu bataqlıqda batırmağa davam edəcək? Atəşkəs tələb etmək bir çıxış yolu deyil; müharibəni bitirməyin yeganə yolu Putinin bu qanlı macəraya dərhal son qoymasıdır. Əks təqdirdə, Rusiyanı daxildə daha ağır iqtisadi çöküş və sosial gərginlik gözləyir.”


























