İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqların son durumu və İranın rəsmi mövqeyi ilə bağlı Vətəninfo.az-a açıqlama verən siyasi ekspert Arzuman Muradlı prosesi diplomatik “şahmat oyunu” kimi qiymətləndirib.
Arzuman Muradlı bildirib ki, İranın Donald Trampdan “üzr istəmək” tələbi adi bir siyasi gediş deyil, bu, İslam Respublikasının öz daxili auditoriyası və regiondakı müttəfiqləri qarşısında nüfuzunu qorumaq üçün atdığı addımdır:
“İranın İsveçrədəki danışıqları dayandırması və şərt irəli sürməsi göstərir ki, tərəflər arasında etimad mühiti tamamilə məhv olub. Tehranın Trampdan üzr tələb etməsi, əslində, danışıqlar masasında özünə “güclü tərəf” imici qazandırmaq cəhdidir. İran rəhbərliyi anlayır ki, güzəştə getmək hazırkı məqamda zəiflik kimi qəbul edilə bilər. Ona görə də, onlar həm Livanda hərbi vəziyyətin dəyişməsini, həm də Vaşinqtonun ritorikasını yumşaltmasını əsas şərt kimi qoyurlar.”
Arzuman Muradlı vurğulayır ki, tərəflərin rəsmi danışıqları dayandırmasına baxmayaraq, qeyri-rəsmi kanalların və vasitəçilərin aktiv qalması danışıqların tam bitmədiyini, sadəcə “fasilə” rejimində olduğunu göstərir: “Bu, böyük siyasətdə klassik bir gedişdir. Rəsmi şəxslər otelə qayıtsa da, pərdəarxası danışıqlar davam edir. Heç bir tərəf tam qırılmanı hələlik istəmir.”
Ekspert qeyd edir ki, İranın Cənubi Livandan İsrail qoşunlarının çıxarılması tələbi danışıqların əsas strateji hədəfidir: “İran üçün Livan hazırda regional təsirinin qorunması baxımından ən kritik nöqtədir. ABŞ isə İsraili tam müdafiə etdiyi bir şəraitdə bu tələbi dərhal qəbul edə bilməz. Bu, danışıqların əsas düyün nöqtəsidir.”
Arzuman Muradlı hesab edir ki, tərəflərin indiki şərtlərlə yaxın vaxtlarda birbaşa razılaşmaya gəlməsi olduqca çətindir: “İranın üzr tələbi Trampın siyasi stili ilə tamamilə ziddiyyət təşkil edir. Trampın geri çəkiləcəyini və ya üzr istəyəcəyini gözləmək sadəlövhlük olardı. Bu proses ya daha uzunmüddətli və səssiz vasitəçilik formatına keçəcək, ya da danışıqların tamamilə iflasına gətirib çıxaracaq.”
Ekspert bildirir ki, hər iki tərəf hazırda daha çox “zaman qazanmaq” və öz daxili siyasi qüvvələrinə mesaj vermək üçün bu gərgin ritorikadan istifadə edir. Vəziyyət isə olduqca kövrəkdir və hər an yeni bir hərbi eskalasiya ilə əvəzlənə bilər.
Vətəninfo.az


























