image-e1037364-253d-46e9-8e27-dd45b1085fadbackend

Astanadakı 6-cı Zirvə Toplantısı ölkəmizin aparıcı rolunu bir daha təsdiq etdi

image-reklam_sirab_01

 

 

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər toplantıda iştirak edərək plenar iclasda çıxış edib.

Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal amilə çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verməkdədir.

Bu gün Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir. Biz Azərbaycanın nəinki regional, eyni zamanda qlobal əhəmiyyətinin durmadan artdığının şahidiyik. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüskarlığı nəticəsində artıq Orta Dəhliz logistika xətti reallaşmaqdadır. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Artıq Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması yaxın gələcəyin yeni qlobal layihəsi kimi təqdir olunur.

Prezident İlham Əliyev 6-cı Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirib. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 65 faiz artıb.

Prezident İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər isə onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan və Türkiyə türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsində strateji rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın praqmatik siyasəti məhz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yönəlib.

Qısa zaman kəsiyində Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər, əldəolunan razılaşmalar əlaqələrin gələcək inkişafını istiqamətləndirir. Prezident İlham Əliyevin Praqa səfərindən sonra məhz Qırğızıstana və Qazaxıstana səfərləri də türkdilli ölkələrlə əməkdaşlığın nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir. Qırğızıstan və Qazaxıstan Ermənistanın da üzv olduğu KTMT-ya daxildir. Azərbaycanın Qırğızıstan və Qazaxıstanla yaxın əlaqələr qurması İrəvanın hərbi blok vasitəsilə Bakıya təzyiq imkanlarını neytrallaşdırılması baxımından çox əhəmiyyətli oldu.

Digər bir tərəfdən isə Azərbaycan böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından önəmli rol oynaya bilər. Avropanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın da daxil olduğu bu təşkilatın siyasi təsir imkanlarını daha da artırır.

2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir.

Azərbaycanın bu istiqamətdə atdığı addımlar türkdilli dövlətlər arasında əlaqələrin sürətli inkişafı ticarət dövriyyəsinin artmasına, siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaqdır.

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki