Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin
tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısını alıb.
Vətəninfo.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, komitənin Baş İdarənin Gömrük risklərinin idarəolunması şöbəsindən
daxil olan məlumat əsasında Azərbaycandan tranzit keçməklə Pakistandan Böyük Britaniyaya daşınan 53 yerdən ibarət irihəcmli
bağlamalara “Alfa” ləqəbli kinoloji xidməti itinin tətbiqi ilə yoxlama həyata keçirilib.
Xidməti itin reaksiyasına əsasən sözügedən bağlamalar rentgen qurğusundan keçirilərkən monitorda 3 ədəd bağlamada şübhəli
cizgilərin olduğu müşahidə edilib. Fiziki yoxlama zamanı həmin bağlamalardakı 30 cüt (60 ədəd) qara rəngli kişi ayaq geyimi olan
səndəllərin alt hissəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş
şəffaf rəngli sellofana bükülü, qəhvəyi rəngli, qablaşdırmaları ilə birlikdə çəkisi 6 356 qram narkotik vasitə-həşiş qətranı aşkar
edilib.
Faktla bağlı araşdırma aparılır.