Azərbaycan əsilli güləşçi Sahib Abbaszadə Avstraliyada keçirilən 2026-cı il Milli Güləş Çempionatında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. O, turnirdə 74 kilo, 23 yaş altında sərbəst güləş üzrə inamlı mübarizə apararaq finala yüksəlib və yarışın gümüş medalına layiq görülüb.
4–5 iyul tarixlərində Sidney şəhərində təşkil olunan Avstraliya Milli Güləş Çempionatı ölkənin ən nüfuzlu daxili yarışlarından biri hesab olunur. Bu turnir həm də gələcək beynəlxalq yarışlarda Avstraliyanı təmsil edəcək idmançıların müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Yarışda yüzlərlə güləşçi müxtəlif çəki dərəcələrində mübarizə aparıb.
Sahib Abbaszadənin finala qədər irəliləyərək gümüş medal qazanması onun yüksək idman hazırlığının və əzmkarlığının göstəricisidir. Azərbaycanlı idmançının xaricdə qazandığı bu nəticə həm soydaşlarımız, həm də güləşsevərlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Qeyd etmək lazımdır ki, gənc idmançı karyerasına yeni başladığına baxmayaraq qazandığı uğurlar qısa müddətdə alqışa və təqdirə layiqdir. Bundan öncə Victoriya ştatı üzrə keçirilmiş çempionat yarışında gümüş medal, Avstraliya milli cempionatı üzrə bürünc medalın sahibi olan gənc həmyerlimiz həm də 2025-ci ildə Victoriya ştatının çempionu adına layiq görülmüşdür.
Sahib Abbaszadəni qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər və çempionluqlar arzulayırıq.



























