image-af4633c0-d253-4544-83f7-cd24c8b082f7backend

Azərbaycan həm Qərb, həm də Şərq üçün mühüm əhəmiyyət kəsb edir

image-reklam_sirab_01

 

 

Artıq Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Prezident İlham Əliyevin Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısından sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına qatılması bunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycan Türk Dövlətləri Təşkilatının da bu istiqamətdə rolunun artırılmasına xüsusi töhfə verir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan müqavilələr və keçirilən bir sıra tədbirlər bu mənada mühüm əhəmiyyət daşıyır. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən Birinci Dövlətlərarası Şuranın iclası da strateji tərəfdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin göstəricisidir. Tərəflər 100 milyon dollarlıq qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaqda maraqlıdır. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan geniş perspektivlər açır. Azərbaycan etibarlı sərmayə ixracatçısı kimi Qırğızıstan üçün cəlbedici tərəfdaşdır.

Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında nəqliyyat-tranzit sahəsində əməkdaşlığa da xüsusi önəm verirlər. Xəzərə çıxışı olan, eyni zamanda, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Qırğızıstana Xəzər hövzəsində əhəmiyyətli mərkəzə çevrilən Azərbaycanın tranzit imkanlarından istifadə etmək üçün əlavə şərait yaradır.

Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri, bu ölkədə keçirilən toplantıda iştirakı Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyinə töhfəsinin davamıdır. Ümumiyyətlə, Azərbaycanın türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində rolu xüsusilə seçilir. Bu gün Türk Dövlətləri Təşkilatının ölkələri arasında sıx və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Bu, yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahələrində deyil, bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir. Görünən odur ki, Azərbaycanın istər Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində, istərsə də Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti daha da artır. Bu isə Azərbaycanın müasir dövrün reallıqları çərçivəsində Qərblə Şərq arasında körpü statusunun daha da möhkəmlənməsidir.

Bu mötəbər toplantıda ölkə başçısı həm də Azəbaycanın yaşadığı problemlərə toxunub. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Hazırda mina problemi işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə ciddi şəkildə mane olur.

 

 

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki