image-photo-2021-10-18-10-31-01backend

Azərbaycan İran hökumətini ittiham etmək mövqeyində deyildi.

image-reklam_sirab_01

Keçdiyimiz günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib (07.10.2021). Hər zaman olduğu kimi, bu müsahibəsində də İlham Əliyev verilən bütün sualları və ya “obyektiv” yanaşmaları adekvat və obyektiv şəkildə, sübutlu faktlarla cavablandırıb.
Müsahibəni dinlədikdən sonra burada diqqəti çəkən əsas məqamlardan biri şübhəsiz ki, son günlər yaşanan Azərbaycan-İran toqquşmasıdır. Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən 10 dekabr 2020-ci il tarixli Zəfər paradındakı çıxışına, xüsusən də R.T.Ərdoğanın B.Vahabzadənin “Arazı ayırdılar” şeirini səsləndirməsinə diqqət yetirmək yerində olar:
“Arazı ayırdılar
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.” B.Vahabzadə
Bu şeir tərəflər arasında qısamüddətli gərginlik yaratsa da, bilirik ki, bu gərginliyin kökləri uzaq olmayan keçmişə dayanır; tarixi faktlar hər bir şeyi açıq şəkildə bəyan edir. Ümumiyyətlə, bu “gərginliyin” heç də qısamüddətli olmayacağı bəlli idi. Çünki 30 ilə yaxın işğal dövrü ərzində İlham Əliyevin özünün də dediyi kimi, Qarabağda və ətraf rayonlarımızda bir sıra dövlətlər tərəfindən qanunsuz fəaliyyətlər baş verirdi. Azərbaycan öz torpaqlarına qovuşduqdan sonra işğal dövründə və sonrasında bu dövlətlər sırasında İran-İslam Respublikasının da adı faktlarla hallanmağa başlandı. Bu da Azərbaycanın hər zaman dost münasibətində olduğu və 30 milyondan çox güneyli soydaşlarımızın yaşayığı İran-İslam Respublikasından, sözün əsl mənasında, “incimək” üçün Azərbaycana təbii haqlar verir.
Müsahibəyə diqqət yetirsək, jurnalistin verdiyi “Belə başa düşürəm ki, Sizin İsrail ilə yaxın olmağınızdan onlar o qədər də məmnun deyillər. Belədirmi?” sualına cavab verən dövlət başçısı bunu bəhanə adlandırır və baş verən hadisələrin səbəbinin bizim digər ölkələrlə olan münasibətlərimizlə əlaqədar olmadığını vurğulayır və xarici siyasətimizin çox açıq, şəffaf, sabit və müstəqil olduğunu bir daha qeyd edib.
Bütün dünyaya İran və İsrail arasında pis münasibətlərin hökm sürdüyü məlumdur. Bu da öz növbəsində, Azərbaycanın İsraillə dostluq münasibətlərinə malik olması İranın Azərbaycana qarşı əks mövqedə olması üçün əlinə “bəhanə” verir. Və Azərbaycanın dost-müttəfiq münasibətində olduğu İsraillə bağlı İranın “narahatlığına” isə dövlət başçısı bu şəkildə cavab verir və bütün yalan ittihamları rədd etdiyini dilə gətirir: “Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik.”
Və Prezident İlham Əliyev Azərbaycanın İranla dostluq-region münasibətlərini necə diqqətə aldığını və İrana dostcasına xəbərdarlıq edildiyini də bildirib: “Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq.”
Lakin İran bu xəbərdarlığı ciddi qəbul etməyərək münasibətlərə xələl gətirəcək addımlar atmağa davam etdi. Belə ki, Qarabağa gedən naməlum yük maşınlarının sayı artdı, daha sonra da Azərbaycan sərhədinə yaxın hərbi təlimlər keçirildi. Bu da bəs deyilmiş kimi, suveren bir ölkəyə təhdidlər baş qaldırdı. Və bütün bunları dövlət başçısı və xalq olaraq hər birimiz hörmətsizlik kimi qəbul etdik.
Eyni zamanda, Prezident İlham Əliyev İranda prezident seçkilərindən sonra baş verənləri aydın şəkildə dilə gətirərək bir daha Azərbaycanın İranla münasibətlərin pisləşməsində marağlı olmadığını ifadə edib: “İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi.”
Ümumiyyətlə, bütün baş verənlərin səbəbini dövlət başçısı belə şərh edib: “Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi – dayandırın bunu!”
BDU məzunu – Babayeva Xalidə İslam qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki